Vüqar Rəhimzadə: “İnsanlığa dəyər verən ölkələr Xocalı faciəsini soyqırım kimi qəbul etməlidirlər”
“Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir”. Bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Xocalıda dinc sakinlər qətlə yetirilib: “Onlar azərbaycanlı, türk olduqlarına görə qətlə yetirilib. Həmin gecə kim ələ keçib, hamısı öldürülüb. Hamısı bir-bir qətlə yetirilib. Hətta şəhərdən çıxan qocaları və uşaqları öldürdülər. Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir. 1991-ci ildən başlayaraq SSRİ-dən ayrılan dövlətlər sərhədlərini qorumağa, müstəqilliyini inkişaf etdirməyə və firavan həyatı təmin etməyə başladılar. O gündən bu günə qədər ən qanlı tarix səhifəsi Xocalı faciəsi oldu. Ondan qabaq tarixdə bir çox faciələr olub. Amma bu faciə öz əhatə dairəsinə görə, törədilmə səbəbinə görə soyqırımından heç nə ilə fərqlənmir. Məhz “soyqırımı” deməklə bu faciənin dəqiq qiyməti verilir".
Xocalı faciəsinin dünyanın ən qanlı soyqırımı olduğunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi. O bildirdi ki, Xocalı hadisəsi dünyanın ən ağrılı faciələrindən biridir: “Təəssüflər olsun ki, Xocalı soyqırımı törədilib. Dünyanın bir çox ölkəsi Xocalı faciəsini soyqırım kimi tanıyıb. Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə müəyyən müzakirələr keçirilib. Parlamentlərdə, dövlət başçıları, hökumət nümayəndələri səviyyəsində Xocalı faciəsinə siyasi, hüquqi qiymət verilib. Azərbaycan parlamenti məlum məsələ ilə bağlı mövqeyini qətiyyətlə ortaya qoyub”.
Həmsöhbətimizin sözlərinə görə, Xocalı hadisəsi bəşər tarixində ən ağrılı faciədir: “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş faciədir. Bu soyqırımın ən ağrılı, acılı məqamlarından biri günahsız insanların qətlə yetirilməsidir. Yaş kateqoriyasına məhəl qoyulmadan qadın, uşaq və qoca olmasına baxmayaraq, onlar vəhşiliklə, işgəncə ilə qətlə yetirildi. Bu, dünyanın ən ağır faciələrindən biridir. Bu səbəbdən də hesab edirəm ki, insanlığa dəyər verən ölkələr Xocalı faciəsini soyqırım kimi qəbul etməlidirlər”.
Günel CƏLİLOVA