“Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, açılan parklar, abidələr başqa türkdilli respublikalara da gerçək bir örnək olmalıdır”- bunu Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılmasının əhəmiyyətini “Bakı-Xəbər” üçün şərh edərkən “Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev dedi.
Ş.Ağayev bildirdi ki, ermənilər yalançı erməni genosidini bütün dünyaya tanıtmağı hədəflədiyi bir dönəmdə, biz öz həqiqətimizi tanıtmaqda israrlı olmalıyıq. XX əsrin ən dəhşətli soyqırımını yaşadığımızı deyən Ş.Ağayev hesab edir ki, erməniləri ifşa etmək üçün bizim əlimizdə həqiqətimiz, sübutlarımız var.
“Təkcə Türkiyənin ayrı-ayrı şəhərlərində deyil, bütövlükdə, dünyanın müxtəlif ölkələrində, o cümlədən də türkdilli respublikalarda Xocalı soyqırımı qurbanlarına abidə ucaldılmalıdır. Azərbaycan xalqına qarşı faktiki baş verən Xocalı soyqırımını tanıtmaq, bu genosidin bütün dünyada insanlığa qarşı faşizm, vandalizm aktı olduğunu göstərmək, sübut etmək üçün əlimizdə kifayət qədər faktımız var. Yəni bu hadisəni soyqırım aktı kimi dünyaya tanıtmağımız üçün ermənilər kimi heç bir uydurmaya ehtiyacımız yoxdur, faktlarımız bunun üçün yetərlidir. Bu soyqırımı törədənlərin kimliyi bəllidir. Onların bir qismi vaxtilə Ermənistan hakimiyyətində təmsil olunub, bu gün də təmsil olunanlar var və onlar arasında yenidən hakimiyyətə gəlmək iddiasını ortaya qoyanlar da var. Hesab edirəm ki, Türkiyə ilə yanaşı, başqa türkdilli respublikalarda da Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılmalıdır. Bunun bu soyqırımın dünyada daha çevik formada tanıdılmasında böyük əhəmiyyəti olar”.
Ş.Ağayev, həmçinin, onu da vurğuladı ki, Xocalı soyqırımının dünya dövlətlərinin hamısı tərəfindən tanıdılmasında Türkiyə ilə yanaşı, digər türkdilli dövlətlərin də rolu hiss olunmalıdır.
İradə SARIYEVA