“Xocalı soyqırımını bütün dünyaya tanıtmaq borcumuzdur. Bu məsələdə hər zaman qardaş Türkiyəni yanımızda görmüşük. İndiyə qədər Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram, hörmət əlaməti olaraq abidələr açılıb. Bir neçə gün əvvəl Kayseridə Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılmasını da bu qəbildən həyata keçirlən növbəti işlərdən biri hesab edirəm. Xocalı soyqırımı bizim qan yaddaşımızdır.
Türkiyə də, Azərbaycan da tarixən erməni terroruna, erməni vandalizminə məruz qalıblar. Ermənilər hər iki dövlətə qarşı əsassız iddialar, şər, qarayaxma kampaniyası aparır. Təbii ki, bütün bunlar əsassızdır. Türkiyədə növbəti Xocalı qurbanları abidəsinin açılması o deməkdir ki, Türkiyə hər zaman yanımızdadır və Azərbaycanın haqq işinin dünyada müdafiə edir”. Bunu Azərbaycan Respublikası “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyininü üzvü, şairə Nəzakət Məmmədova Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılmasına münasibət bildirərkən deyib.
N.Məmmədova, həmçinin, vurğuladı ki, Türkiyə ilə yanaşı, digər türkdilli dövlətlər də Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi sahəsində addımlar atmalı, ölkəmizin haqq səsinin dünyaya yayılmasına dəstək göstərməlidirlər.
TÜRKSOY çərçivəsində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin keçirilməli olduğunu qeyd edən N.Məmmədova bildirdi ki, o, bir Azərbaycan ziyalısı kimi, TÜRKSOY-un xətti ilə türkdilli respublikalarda Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsini arzu edir.
İradə SARIYEVA