“Hesab edirəm ki, yaradılan mexanizmin ən başlıca uğuru atəşkəs rejiminin təsadüfi pozulması hallarının qarşısını əhəmiyyətli dərəcədə alacaq”
Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan jurnalistlərlə söhbətində bəyan edib ki, Ermənistanla Azərbaycan rəhbərliyi arasında operativ rabitə yaradılıb: “Azərbaycan tərəfi ilə, razılaşdığımız kimi, etibarlı operativ rabitə yaradılıb və deyə bilərik ki, qarşılıqlı informasiyalar Azərbaycan Prezidentinə və onun tərəfindən də mənə yarım saat ərzində çatacaq”.
Jurnalistlərin “atəşkəsin pozulduğu halda Azərbaycan rəhbərliyi ilə birbaşa əlaqə yaratmaq mümkün olacaqmı” sualına da Nikol Paşinyan müsbət cavab verib, lakin onu da bildirib ki, rabitədən hər hadisədə istifadə edilməyəcək.
Onun sözlərinə görə, tərəflərin təmas xəttində hazırkı məqamda kifayət qədər sakitlikdir və bu, müəyyən mənada Düşənbədə əldə edilmiş razılığın nəticəsidir.
Paşinyanın Azərbaycanla operativ rabitənin yaradılması ilə bağlı səsləndirdiyi fikri necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu mexanizmin yaradılmasını yüksək addım kimi dəyərləndirir: “Çünki biz sülh yolu ilə münaqişənin həll edilməsini istəyiriksə, mütləq ona mane olan faktorları aradan qaldırmalıyıq. Əks təqdirdə, cəbhədə hökm sürən gərginlik atmosferində nəyəsə nail olmaq qeyri-mümkündür. Bunu beynəlxalq aləm də gözəl dərk edir. Atəşkəsin mütəmadi pozulması, faktiki olaraq, lokal müharibənin aparılması anlamına gəlir ki, bu da sülhə ciddi mane olur. Hesab edirəm ki, bu, Düşənbədə əldə olunan razılaşmaya tərəflərin ciddi riayət etməsi anlamına gəlir. Bilirsiniz ki, belə bir mexanizmin yaradılmasına İlham Əliyev də razılıq verib. Mən belə bir razılığın əldə edilməsində, xüsusilə də Rusiyanın səyini yüksək dəyərləndirirəm. Vaxtilə Minsk Qrupunun həmsədrləri də açıqlamalarında belə birbaşa rabitənin olmasını zəruri saymışdılar. Çünki cəbhədə baş verən atəşkəsin pozulması halları bəzən komandirlərin, bəzən də əsgərlərin qəzəb hissindən doğur. Belə atışmalar da sülh danışıqlarına mane olur. Hesab edirəm ki, yaradılan mexanizmin ən başlıca uğuru atəşkəs rejiminin təsadüfi pozulması hallarının qarşısını əhəmiyyətli dərəcədə alması olacaq. Güman edirəm ki, yaradılan əlaqə mexanizmi hər halda ümumi işin xeyrinə işləyəcək. Əlaqənin hansı rabitə vasitələrilə və necə aparıldığının incə detalları barəsində isə biz nəsə deyə bilmərik”.
Məhəmmədəli QƏRİBLİ