Əhəd Məmmədli: “Qorxurlar ki, bununla da ABŞ-ın ciddi qəzəbinə tuş gələ bilərlər”
Bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz maraqlı açıqlama ilə çıxış etdi. Səfir bildirdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycanla kompromislərə getməlidir. Millz, həmçinin, bildirdi ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil.
Səfir qeyd edib ki, erməni xalqı hansı nizama salınmaya hazır olduğunu müəyyən etməlidir:
"Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıqlar prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan "ərazilər statusa əvəz olaraq" düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəccüblənmişəm ki, bu variant artıq dəstək qazanmır".
O deyib ki, 2016-cı ilin aprel müharibəsinin bu yanaşmanı kəskinləşdirdiyini anlayır: "Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”.
Çox maraqlıdır ki, Ermənistanın rəsmi dairələri ABŞ səfirinin səsləndirdiyi mühüm fikirlərə hələ də reaksiya verməyiblər. Bu reaksiyanın gecikməsinin səbəbi nə ilə izah edilə bilər?
Politoloq Əhəd Məmmədlinin sözlərinə görə, ABŞ səfirinin son açıqlamalarına Ermənistandan reaksiyaların verilməməsi təbiidir: “Artıq bunu reaksiyanın gecikməsi yox, verilməməsi kimi xarakterizə edə bilərik. Çünki elə mühüm məsələlər var ki, onlara reaksiyalar impulsiv olmalıdır. Millz, əslində, həqiqətləri etiraf edib. Ancaq bu da aydındır ki, həmin həqiqətlər Ermənistanın xeyrinə ifadə edilmir. Səfir, fakitiki olaraq, Ermənistanı qeyri-konstruktivlikdə günahlandırıb və açıq şəkildə deyib ki, İrəvan işğaldan əl çəkməlidir. Səfir daha sonra bildirib ki, Ermənistan cəmiyyətini, ümumiyyətlə, hər hansı güzəştin olacağına hazırlamayıblar. Hətta işğal edilmiş torpaqların qaytarılmasına qarşı olan bir atmosferin hökm sürdüyünü bəyan edib. Millz uzun müddətdir Ermənistanda çalışır. Onun səsləndirdiyi fikirlərin səmimiliyinə şübhə ola bilməz. Ermənistan hakimiyyəti həm də anlayır ki, səfir özbaşına belə fikirləri səsləndirə bilməz. Onlar bunu həm də ABŞ-ın mövqeyi kimi dəyərləndirirlər. Məhz bu baxımdan da hazırda əndişə içndədirlər. Çünki işğal altındakı torpaqların qaytarılmasını səfirin xüsusu vurğu ilə səsləndirməsini onlar Vaşinqtonun münaqişəyə olan yeni yanaşması kimi yozurlar. Çox güman ki, müxtəlif diplomatik kanallarla bu məsələ ətrafında dəqiqləşdirmə aparırlar. ABŞ-ın daha üst qatı ilə dəqiqləşdirmə aparmadan səfirin fikirlərinə reaksiya vermək istəmirlər. Məntiqlə Millzi topa tutmalıdırlar. Qorxurlar ki, bununla da ABŞ-ın ciddi qəzəbinə tuş gələ bilərlər”.
Məhəmmədəli QƏRİBLİ