Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həllinin uzanmasının ən ümdə səbəblərindən biri, heç şübhəsiz, danışıqlarda əldə edilən razılaşmaların sonradan müxtəlif bəhanələrlə Ermənistan tərəfindən pozulması olub. Məhz belə vəziyyət indiyə qədər konfliktin dinc müstəvidə çözümünü əngəlləyib. Görünən budur ki, işğalçı ölkə qeyd edilən xüsusda siyasətini dəyişmək niyyətində deyil və bu da yeni Qarabağ savaşının alovlanması ehtimalını artırır. Hər halda, İrəvanın atdığı son addımlar bu qənaətə gəlməyə əsas verir. Söhbət Düşənbə görüşündən sonra yaranan vəziyyətdən gedir.
Xatırladaq ki, Düşənbə görüşündə Rusiyanın yaxından iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında, şifahi şəkildə olsa da, atəşkəs rejiminin qorunmasına və ATƏT-in Minsk Qrupu formatında danışıqlar prosesinin davam etdirilməsinə dair razılıq əldə olunub. Buna baxmayaraq, ermənilər atəşkəs rejimini pozmaqla qalmır, həm də Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma prosesini davam etdirirlər. Kəlbəcərdə Sidney adlı qəsəbənin salınması və işğal edilmiş Azərbaycan əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi birbaşa sülh prosesinə xələl gətirir. Qeyd edək ki, bu həftənin əvvəlində Qarabağda Ermənistanla işğal altındakı Azərbaycan ərazilərini birləşdirən üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Bu yol Araz çayı boyunca, yəni Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir. Ermənistan mediasının məlumatına görə, layihənin reallaşması ilə “Arsax Ruts İnvestment” (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər durur. Bununla ermənilər bildirmək istəyirlər ki, Qarabağ ətrafındakı rayonları azad etmək niyyətində deyillər. Xatırladaq ki, hazırda Ermənistanla Qarabağı Laçın və Kəlbəcər yolu birləşdirir. Layihə müzakirə edilən gün Ermənistan prezidenti Armen Sarkisyan da Qarabağa gəlib.
Bundan əvvəl ABŞ-ın İrəvandakı missiyasını başa vurmaqda olan səfiri Riçard Millz bildirmişdi ki, Ermənistanda Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün işğal edilmiş ərazilərin bir hissəsinin qaytarılması barədə heç düşünən də yoxdur. Diplomata görə, istənilən nizamlama variantında ərazilərin bir hissəsinin qaytarılması qaçılmazdır, ermənilər isə bu kompromisi yaxına buraxmaq istəmir. Aydındır ki, belə bir şəraitdə Ermənistanla danışıqlar prosesinin davam etdirilməsi qeyri-mümkün hala gəlir və bunun da alternativi müharibədir. Azərbaycan ermənilərin nazı ilə oynamaq fikrində deyil və işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərə ölkəmiz artıq siyasi danışıqlar yolu ilə deyil, hərbi vasitələrə cavab vermək məcburiyyətində qalır. Rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk da yaranmış durumda yeni savaşı istisna etmir. Onun sözlərinə görə, Ermənistanda stabilliyin pozulması və digər faktorları nəzərə alsaq, Qarabağ münaqişəsinin “dondurulması” uzun müddət davam edə bilməz: “Əlbəttə, yeni savaşda Azərbaycan Qarabağ və ətrafındakı rayonları qaytara bilər. Ancaq təsəvvür edin ki, bu zaman Cənubi Qafqazda vəziyyət necə olacaq və bu “yanan plazma” nələrə səbəb olacaq. Burada lokal və izolyasiya edilmiş müharibə olmayacaq. Bu səbəbdən məsələnin dinc həlli üçün Ermənistana böyük güclərin təsiri lazımdır”. Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də eyni mövqeni bölüşür. Onun sözlərinə görə, Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlaması tamamilə gözləniləndir: “Bundan əvvəl də dəfələrlə demişəm ki, Qarabağda hərbi əməliyyatlar gec ya tez başlayacaq. Proqnoz hər dəfə vermək olar. Məsələ istəkdədir və mən də bilirəm ki, Qarabağda savaş ehtimalı getdikcə artır". Ekspertin sözlərinə görə, ötən illər ərzində kifayət qədər güclənən Azərbaycan savaşda Ermənistanı çox rahatlıqla əzəcəyini bildiyindən, işğal faktının uzanması ilə razılaşmaq niyyətində deyil. Rusiyalı politoloq Pavel Felgenhauerin də məsələyə münasibəti maraqlıdır. Felgenhauer tərəflər arasında müharibə başlayacağı təqdirdə Azərbaycanın qalibiyyət imkanlarının çox olduğunu vurğulayır: “Aprel müharibəsi göstərdi ki, erməni ordusunun silahlanma və hərbi hazırlıq baxımından ciddi çatışmazlıqları var. Azərbaycan apreldə dayanmasaydı, hadisələrin necə inkişaf edəcəyini söyləmək çətin olardı. Hərbi əməliyyatlar üçün müasir silahlar lazımdır, bu isə Azərbaycanda var. Azərbaycanda zərbə endirəcək pilotsuz aparatlar mövcuddur. Aprel savaşında onlar erməni zirehli maşınları və texnikasını məhv etdilər. Ermənistan keyfiyyətli hərbi texnika baxımından çox geri qalır. Ermənistanda texnika sovetdən qalıb, Azərbaycan isə texnikasını İsraildə modernləşdirib. Azərbaycanın hərbi-texniki üstünlüyü əvvəlki kimi qalır. Bu üstünlük genişmiqyaslı müharibə zamanı Azərbaycanın imkanlarını artıracaq”.
Bu fonda yeni müharibə xəbərdarlığı isə işğalçı Ermənistanda geniş təşvişə səbəb olmaqdadır. Çünki erməni tərəfi ötən illər ərzində Azərbaycanla müqayisədə çox zəif hala gəlib. “İravnuk” qəzeti də yazır ki, orduda ildən-ilə pisləşən vəziyyət fonunda Azərbaycanla yeni savaş Ermənistan üçün sözün həqiqi mənasında fəlakət olacaq. Ermənistanda fəaliyyət göstərən “Navur” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Aram Nikoyan isə diqqəti ona yönəldir ki, hələ genişmiqyasıl savaş olmadan Dağlıq Qarabağda ölən erməni əsgərlərin sayı kifayət qədərdir. Erməni gəncliyinin məhvə getdiyini deyən Nikoyan Ermənistan ordusundakı rüşvətxorluq və cinayət hallarının ölkədə son hakimiyyət dəyişiklyindən sonra da azalmadığını qeyd edib. O bildirib ki, Dağlıq Qarabağda xidmətdə olan erməni əsgərlərin maddi-texniki imkanları yox dərəcəsindədir: “Onların qidalanmasında problemlər var. Ordudakı ağır vəziyyət Ermənistan gənclərini qorxudur. Orduda kadr çatışmazlığı isə ciddi problemlərə yol açır. Ermənistan ordusunda gizir və çavuşların azlıq təşkil etməsi səbəbindən hərbi tapşırıqlar azyaşlı əsgərlərə həvalə olunur. Onların böyük əksəriyyəti isə təcrübəsizdir. Təbii ki, bütün bunlar istənilən döyüşün taleyinə təsir edir. Elə indinin özündə də cəbhədən alınan xəbərlər əsgərlərimiz arasında itkilərin yüksək olduğunu göstərir. Müharibə başlasa, vəziyyətin necə olacağını təsəvvür etmək olar. Amma görünən budur ki, baş verənlərdən hələ də lazımi nəticə çıxarılmır”. Aram Nikoyan diqqəti həm də ona yönəldir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan ordusunu həm xaricdən alınan yeni texnika, həm də yerli istehsal silahlar vasitəsilə daha güclü hala gətirir. Özü də bu prosesdə Rusiyanın Azərbaycana yaxından yardım etməsini o, ölkəsi üçün böyük fəlakət adlandırır. Yeri gəlmişkən qeyd edək ki, məhz belə bir vaxtda bəlli olub ki, Rusiya və Azərbaycan döyüş sursatlarının istehsalı sahəsində əməkdaşlıq etməyi planlaşdırır. Rusiyanın “Texmaş” Konserni də də bunu təsdiq edib. Qeyd edək ki, Bakıda keçirilmiş ADEX-2018 beynəlxalq müdafiə sərgisi çərçivəsində “Texmaş” Konserninə daxil olan müəssisələrin nümayəndələri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” zavoduna səfər edərək orada döyüş sursatlarının istehsal prosesi ilə tanış olublar. Konserndən bu xüsusda bildirilib: “Heyət üzvləri Azərbaycan tərəfi ilə danışıqlar apararaq, oktyabr ayında Kazan şəhərində keçiriləcək Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə daxil ediləcək komponentlərin tədarükü üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər”. Azərbaycan nümayəndə heyəti də öz növbəsində “Texmaş” Konserninə məxsus müəssisələri ziyarət etməyi planlaşdırır. Bundan sonra birgə istehsala start veriləcək. Digər tərəfdən o da məlumdur ki, Rusiya müdafiə sənayesinin aparıcı qurumlarından olan “Şvabe” Holdinq Azərbaycanda ofisini açmağı planlaşdırır. “Şvabe” Holdinqin baş direktor müavini Dmitri Jidkovun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır. Eyni zamanda Azərbaycanla bir neçə layihə üzrə görüşmələr davam edir. Müəssisə rəsmisi indiyədək Azərbaycana hərbi və mülki sektorda bir çox məhsulların ixracını həyata keçirdiklərini qeyd edib. Yeni layihələrin istiqamətləri barədə məlumat verməyən Jidkov bunların yaxın zamanda reallaşacağına ümidvar olduğunu deyib. Bütün bunlar Rusiya və Azərbaycan arasında hərbi əlaqələrin daha da güclənməkdə olduğuun göstərir ki, belə vəziyyətdən ən çox narahat olan da məhz işğalçı Ermənistandır. Amma Azərbaycan ordusunu gücləndirmək üçün təkcə Rusiya ilə işbirliyi qurmur. Artıq o da bəllidir ki. ölkəmiz qardaş Türkiyədən də yeni silahlar alacaq.
Qeyd edək ki, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı olan “Baykar” şirkəti iki ölkəyə PUA ixrac edəcək. “Baykar” şirkətinin istehsal müdiri Səlcuq Bayraktarın sözlərinə görə, PUA-ların ixrac ediləcəyi ölkələrin sayı yaxın gələcəkdə 4-ə çatdırılacaq. İstehsal müdiri bildirib ki, Azərbaycanla “Bayraktar-TB2” silahlı PUA-larla bağlı görüşmələr davam edir. Qeyd edək ki, cari ilin əvvəlində Türkiyəyə səfəri zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov “Baykar” şirkətinin zavoduna baş çəkərək PUA istehsalı prosesi ilə tanış olub. Bu fonda artıq ölkəmizin Türkiyədən həmin PUA-ları alması gözlənir ki, bu da Ermənistan üzərində əlavə hərbi üstünlük deməkdir. Bundan əlavə, Azərbaycan özü yeni pilotsuz uçuş aparatı istehsalına başlayıb. “Pegasus 120” adlanan yeni PUA İsrailin “Aeronautics” şirkəti ilə müştərək əsasda "Azad Systems" müəssisəsində istehsal olunub. Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan “Pegasus 120” 75 kiloqramadək yükləri 40 kilometrə qədər məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir. PUA-larla yanaşı, Azərbaycan digər çoxsaylı silahlar istehsal edir, həmçinin Rusiya, Türkiyə ilə yanaşı Belarusdan, Ukraynadan, Pakistandan, İsraildən və digərlərindən ən yeni silahlar alır. Bütün bunlar isə yeni Qarabağ savaşının taleyini indidən müəyyən edən mühüm faktorlardır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.