Elşən Həsənov: “Biz neçənci dəfədir Rusiya XİN-in adından Ermənistanın xeyrinə, bizim isə ziyanımıza olan bəyanatların səsləndiyini görürük”
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın bir müddət əvvəl bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini şərh edib.
Bununla bağlı Rusiya XİN-dən bildiriblər: “Bu aksiyanın təşkilatçıları RF Xarici İşlər Nazirliyinə müraciət etməyiblər, ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir. Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişənin bütün tərəflərinin anlayışı və dəstəyi vacibdir”.
Bununla bağlı Azərbaycan XİN münasibət açıqlayıb və bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində "münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur: “Bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi var və bunlar Ermənistan və Azərbaycandır. ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hal-hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır. Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-in açıqlaması təsirli xarakter daşımır".
Münaqişənin tarixinə hamıdan yaxşı bələd olan həmsədr ölkə kimi Rusiya XİN-in “münaqişənin bütün tərəfləri” kimi münasibət bildirməsi nəyin əlaməti sayıla bilər?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Rusiya XİN-in bu məzmunlu açıqlaması doğrudan da təəccüb doğurur: “Mən hesab etmirəm ki, Rusiya XİN adından belə bəyanatın verilməsi naşılıqdan olub. Çünki Rusiya bu problemin anatomiyasına hamıdan gözəl bələtdir. Təbii ki, onun həlli yollarını da gözəl bilir. Rəsmi Moskva gözəl bilir ki, Dağlıq Qarabağ münaqişəsində iki tərəf var, bunlar Azərbaycan və Ermənistandır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə prosesdə maraqlı tərəf kimi çıxış edə bilərlər. Bu məsələdə isə söhbət, konkret olaraq, Ermənistanın rəhbərinin həyat yoldaşının başına yığdığı arvad dəstəsilə Azərbaycan qanunlarını pozmasından gedir. Çox təəssüf edirik ki, həmin heyətin içində Rusiya Dövlət Dumasının məsul əməkdaşı da olub. Bu, birbaşa dövlətlərarası münasibətlərə xələl gətirə biləcək bir addımdır. Rusiya XİN bunu pisləmək əvəzinə, özündən yeni termin uydurur və “münaqişənin bütün tərəfləri” kimi ifadəni işlədir. Yadınızdadırsa, Paşinyan da hakimiyyətə yeni gələndə belə fikirləri tez-tez səsləndirirdi. O da deyirdi ki, Azərbaycanla danışıqları Dağlıq Qarabağdakı separatçılar aparmalıdırlar. Həmin fikir dünyanın heç bir ağıllı ölkəsi və təsisatı tərəfindən qəbul edilmədi. Əksinə, tənqidə və qınağa tuş gəldi. Paşinyanın həyat yoldaşının sülhyaratma missiyası adı ilə işğal altındakı torpaqlara qanunsuz səfər etməsi, əksinə, münaqişənin qızışdırılmasına xidmət edir. Çünki sülhü kim yaratmalıdır? Gözəl bilirlər ki, bunun üçün əvvəlcə işğaldan əl çəkilməlidir. Bu faktor qala-qala bir dəstə arvadla Qarabağa səfər etmək şoudan başqa nəsə deyil. Düşənbədə əldə olunan razılaşmadan sonra Rusiyadan belə lazımsız bəyanatın verilməsi sülhə xidmət etmir. Rusiya XİN-də erməni lobbisi ciddi dayaqlara malikdir. Biz neçənci dəfədir Rusiya XİN-in adından Ermənistanın xeyrinə, bizim isə ziyanımıza olan bəyanatların səsləndiyini görürük. Aydınlaşdıranda bəzən məlum olur ki, həmin təxribatların arxasında heç də Rusiyanın dövləti maraqları deyil, hansısa ermənipərəst dairələrin maraqları durur”.
Məhəmmədəli QƏRİBLİ