İsmayıl Ağayev: “Mən həmsədr ölkələrin bu məsələyə susqun mövqe nümayiş etdirmələrinə heyrətlənirəm”
Dağlıq Qarabağda Ermənistanla bu bölgə arasında üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Bu yol Araz çayı boyunca, yəni Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir. Ermənistan KİV-in məlumatına görə, layihənin reallaşması ilə "Arsax Ruts İnvestment" (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər dururlar.
Bununla ermənilər bildirmək istəyirlər ki, Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək niyyətində deyillər. Xatırladaq ki, hazırda Ermənistanla Dağlıq Qarabağı Laçın və Kəlbəcər yolu birləşdirir.
Qeyd edək ki, layihə müzakirə edilən gün Ermənistan prezidenti Armen Sarkisyan da Dağlıq Qarabağa gəlib. Tərəflərin sülhə sadiqliklə bağlı əldə etdikləri razılaşmanın olduğu bir məqamda belə ideyanın ortaya atılması növbəti təxribatdır və ermənilərin çirkin niyyətindən xəbər verir.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, belə bir yolun çəkilməsi ilə bağlı niyyətin olması Ermənistanın qeyri-konstruktivliyindən və ən əsası da sülhə sadiqliklə bağlı qeyri-səmimiliyindən xəbər verir: “Ermənilərin hər zaman Dağlıq Qarabağla Ermənistan arasında dəhliz yaratmaq kimi ideyaları olub. Hətta bunu Dağlıq Qarabağda yaşayan ermənilərin guya təhlükəsizlik təminatı baxımından zəruri olduğunu da vurğulayıblar. Hazırda Dağlıq Qarabağla Ermənistanı birləşdirən iki yol var. Bunlar Gorus-Xankəndi və Vardenis-Ağdərə yollarıdır. 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcəyi ilə bağlı məlumatların yayıldığı yol isə işğal altında olan ərazilərdən daha çox keçəcək. Aydındır ki, Ermənistan yeni təxribata əl ataraq əlavə koridorlar yaradır. Bununla da Dağlıq Qarabağ və ətraf rayonların ilhaqını rəsmiləşdirməyə can atırlar. Sanki işğal edilmiş torpaqları zor gücünə Ermənistana yamamağa çalışırlar. Təbii ki, bu, danışıqlar prosesinə ciddi təsir edir. Biz bunu işğalın növbəti mərhələsi də adlandıra bilərik.
Təbii, burada Azərbaycanın ərazi bütövlüyü kobud şəkildə pozulur. Mən həmsədr ölkələrin bu məsələyə susqun mövqe nümayiş etdirdiklərinə heyrətlənirəm. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanı başqa addımlar atmağa vadar edirlər. Bu işdə dünyadakı erməni diasporunun maddi dəstək göstərməsi də maraqlıdır. Əvvəlki yolun çəkilişi də dünyadakı erməni diaspor təşkilatlarının maddi dəstəyi hesabına ərsəyə gəlmişdi. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan torpaqlarının işğalı prosesinin bütün mərhələlərində yalnız Dağlıq Qarabağda və Ermənistanda yaşayan ermənilər deyil, bütün dünya erməniləri yaxından iştirak edirlər”.
Məhəmmədəli QƏRİBLİ