ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinə hazırlıq fonunda Vaşinqtonun Ermənistandakı səfiri Riçard Millzin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər İrəvanda şok effekti yaradıb. İndi əksər ekspertlər bu qənaətdədir ki, artıq ABŞ Qarabağ probleminin həlli istiqamətində səylərini aktivləşdirməyi düşünür.
Bunun ümdə səbəbiisə ABŞ-ın ümumiyyətlə Cənubi Qafqazda aktiv olmaq niyyəti, bölgənin tam şəkildə Rusiyanın maraq dairəsinə keçməsinin qarşısını almaq istəyidir. Belə vəziyyətdə Vaşinqtonun regiondakı münaqişələr, o cümlədən Qarabağ konflikti ilə ilgili daha fəal mövqe sərgiləməksi də təbii sayılır.
Hazırda görünən budur ki, ABŞ Qarabağ münaqişəsinin həlli üçün irəliləyişlərin olmasında, problemin mərhələli şəkildə çözümündə maraqlıdır. Bunu Riçard Millzin açıqlamaları da çox aydın şəkildə göstərir. Səfir qeyd edib ki, işğal altındakı müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil. Riçard Millz onu da bəyan edib ki, erməni xalqı hansı nizamlamaya hazır olduğunu müəyyən etməlidir: “Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan “ərazilər statusa əvəz olaraq” düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəcüblənmişəm ki, bu variant artıq dəstək qazanmır”. Riçard Millz qeyd edib ki, 2016-cı ilin aprel müharibəsinin bu yanaşmanı kəskinləşdirdiyini anlayır: “Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”.
Artıq baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar. Paşinyan, həmişə olduğu kimi, danışıqların ruhuna zidd mövqe sərgiləyərək bildirib ki, Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib. Amma ekspertlər bildirir ki, Paşinyanın növbədənkənar parlament seçkiləri ərəfəsində belə fikirlər səsləndirməsi təbii sayıla bilər. Digər tərəfdən nəzərə alaq ki, Paşinyan məhz ABŞ-ın dəstəyilə hakimiyyətə gələ bilib və yaxış başa düşür ki, Vaşinqtonun dəstəyini itirsə, iqtidarda qalması çətin olacaq. Bu səbəbdən Qarabağ məsələsinə yanaşmada o, ABŞ-ın dediklərinin icrasını həyata keçirməli olacaq. Əks təqdirdə hakimyyətinin uzun müddət davam etməsi mümkünsüzdür. Başqa bir tərəfdən Rusiyanın da Paşinyana qarşı məlum mənfi münasibəti sonuncunun seçim imkanlarını məhdudlaşdırır. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent isə bundan öncə İrəvana çox açıq şəkildə mesaj verib ki, münaqişənin həlli zamanı ərazi bütövlüyünün tanınması ön planda olmalıdır: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir. Birləşmiş Ştatlar tərəflər arasında keçirilən görüşləri və liderlər arasında birbaşa danışıqları dəstəkləyir. ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləridir və onların hamısı ATƏT-in prinsiplərini dəstəkləyir, münaqişənin “Madrid prinsipləri” üzərində həllinə çalışırlar. Bura ərazi bütövlüyünün tanınması və öz müqəddəratını təyin etmə hüququndan istifadə daxildir. Hər bir ölkənin öz şərhləri ola bilər, amma bunlar əsas prinsiplərdir. Bizim vəzifəmiz münaqişənin həlli üçün iştirak edən tərəflər arasındakı təmasları asanlaşdırmaqdır “.
Beləliklə, qeyd edilənlərdən aydın olur ki, ABŞ-ın Qafqazda aktivləşmək niyyəti Qarabağ münaqişəsinin həllinə əsaslı surətdə təsir edə bilər. Eyni zamanda burada əsas məqamlardan biri ABŞ-ın Ermənistana təzyiq üçün də Qarabağ kartından istifadəsinin mümkünlüyüdür. Bunu Rusiyanın “regnum.ru” portalı da bu günlərdə yayımladığı yazıda təsdiqləmişdi: “Amerikanın bir çox ekspertlərinin fikrincə, ABŞ Vaşinqtona marağın itməsi üzündən Cənubi Qafqazda öz nüfuzunu itirməyə başlayıb. Düzdür, burada müəyyən çalar var idi. Elə həmin ekspertlər bir vaxtlar Cənubi Qafqazın xarici siyasət elitasına öz layihələri və ideyaları ilə Amerikanın siyasi bazarına girməyi təklif ediblər. Lakin Bakı özünün kürəsəl energetika layihələrini gerçəkləşdirərək özünü, az qala, Avropanın energetik təhlükəsizliynə zamin kimi bəyan edərək bunu əvvəllər də edib, indi də belə edir. Bəs nəticəsi nədir? Ola bilsin, regiona səfər edən Con Bolton da İrəvanı KTMT-dən dərhal və sürətlə qoparmağa nail olmağın mümkünsüzlüyünü anlayaraq, Azərbaycana Dağlıq Qarabağ münaqişəsilə bağlı hansısa yeni ideyalar təklif edəcək”. Qeyd edək ki, Azərbaycan Qarabağ münaqişəsinin həllinə yönəlik təklifləri müsbət qarşılayır. Bu mənada ABŞ-ın Qafqazda fəallaşması ölkəmiz üçün əhəmiyyətli hal sayılır. Elə politoloq Qabil Hüseynli də məsələyə məhz bu prizmadan yanaşır. Öncə Boltonun regiona gözlənilən səfərinə toxunan ekspert bildirir: “ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərini Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm. Məndə belə bir təəssürat yaranır ki, Amerika artıq üzünü Cənubi Qafqaza tərəf çevirməkdədir”. O qeyd edib ki, ABŞ son zamanlar həm “Cənub Qaz Dəhlizi“ layihəsini, həm də Azərbaycan üzərindən Əfqanıstana yük daşımalarını ciddi surətdə dəstəkləyir və müdafiə edir: “ABŞ bu sarıdan lazım olan köməklikləri əsirgəmir. Zənnimcə, Con Bolton Azərbaycanla bağlı strateji tərəfdaşlıq niyyətinə düşmüş Amerikanın missiyasını burada öyrənməyə çalışacaq. Sözsüz ki, bu missiyanın içərisində, həmçinin Dağlıq Qarabağ problemi də var. Doğrudur, ABŞ Dağlıq Qarabağ probleminin həlli məsələsində, hələ ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə yanaşı ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnu uzlaşdırmağa çalışan bir xətt yürüdür. Mənə elə gəlir ki, ABŞ bu məsələnin axırına hələlik tam yetişməyib. Çünki ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsipi beynəlxalq hüququn bir-birini inkar edən prinsipləridir. Bu gün NATO-nun sammitində, Avropa İttifaqında, bir sözlə, BMT də daxil olmaqla dünyanın bütün beynəlxalq təşkilatlarında ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn əsas və dəyişilməz müddəası kimi tanınır. Necə ki, bu günlərdə Almaniya federal hökuməti Bundestaqın sorğusuna cavab olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını birmənalı surətdə bəyan etdi. Eləcə də mən gözləyirəm ki, Bolton Azərbaycana gəldikdən sonra ölkəmizin ərazi bütövlüyü, xüsusilə Ermənistanın işğalçılıq siyasəti barədə ABŞ-ın mövqeyi daha da yəqinləşəcək və birmənalı xarakter daşıyacaq”.
Q.Hüseynli əlavə edib ki, ABŞ mətbuatının yazdığına görə, Vaşinqton Azərbaycanı özünün Cənubi Qafqazda bir nömrəli strateji müttəfiqi kimi tanımağa hazırlaşır: “Bu da Azərbaycanın həm geosiyasi mövqeyinə, həm də ümumiyyətlə yürütdüyü beynəlxalq siyasətə uyğun atılacaq addım ola bilər. Bir sözlə, Bolton Cənubi Qafqaza gəlməklə, həm buradakı münaqişə ocaqları ilə yaxından tanış olmaq, həm də, ən əsası, Azərbaycanın bilavasitə icraçısı olduğu beynəlxalq layihələri ümumi kontekstdə nəzərdən keçirməklə Azərbaycan-ABŞ münasibətlərini yeni, daha yüksək səviyyəyə qaldırmaq üçün təkliflər vermək niyyətindədir”. Bütün bunlar yaxın tezlikdə bölgədə mühüm dəyişikliklərin olacağını istisna etmir. Hazırda görünən budur ki, ABŞ ermənilərə açıq mesaj verir ki, status-kvo sona qədər qala bilməz, İrəvan güzəştlərə getməlidir.
Digər tərəfdən son proseslər göstərir ki, Cənubi Qafqazın digər böyük oyunçusu sayılan Rusiya da Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair prosesin sürətlənməsində maraqlıdır. Ümumiyyətlə, Rusiya son zamanlar tez-tez Qarabağ məsələsinin həlli yolunda əlindən gələni edəcəyini bəyan edir. Bu da Moskvanın Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair aktiv siyasət yürütməyə hazırlaşdığını açıq göstərir. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müavini Qriqori Karasinin son açıqlamalarından sonra Kremlin məsələnin həllini hansı formada görmək niyyətinin konturları da yavaş-yavaş açılmağa başlayıb. Görünən budur ki, Rusiyanın yeni təklifi Kazan, Sankt-Peterburq görüşlərinin, eləcə də “Madrid prinsipləri“nin nəticələrinə əsaslanır. Deməli, bu məsələdə ABŞ və Rusiyanın mövqeləri üst-üstə düşür. Digər tərəfdən nəzərə alaq ki, aralarında böyük ziddiyyətlərə baxmayaraq, Qarabağ məsələsində Moskva və Vaşinqtonun toqquşduğu məqamlar yoxdur. Əksinə, onlar bu sahədə ekffektiv əməkdaşlıq imkanlarına malik olduqlarını dəfələrlə nümayiş etdiriblər. Yəni ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir. Hətta fikirlər səslənir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birgə fəaliyyət ABŞ və Rusiya üçün digər sahələrdə də əməkdaşlığa təkan verə bilər. Yəni bu, ABŞ-Rusiya əməkdaşlığı üçün münbit platformadır. Belə vəziyyətdə adları çəkilən ölkələr birlikdə münaqişənin sülh yolu ilə həllinə töhfə verə bilər. Bu reallaşarsa, politoloqların fikrincə, Dağlıq Qarabağla bağlı danışıqlardan ciddi nəticə gözləmək mümkündür. Həmçinin, ABŞ və Rusiya da anlayır ki, danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu uzun müddət qoruyub saxlamaq mümkün deyil. Digər tərəfdən, münaqişənin mümkün eskalasiyası Rusiya üçün də, Qərb üçün də risq deməkdir. Bu səbəbdən onların konfliktin həlli istiqamətində birgə addımlar artması tamamilə gözləniləndir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.