Məhəmməd Əsədullazadə: “Xarici siyasət oriyentasiyasını dəyişdiyinə görə Paşinyana sərt xəbərdarlıq ediləcək”
Məlum olduğu kimi, Ermənistanın bütün ciddi cəhdlərinə baxmayaraq, İrəvanda keçirilən Frankofoniya sammiti uğursuz başa çatıb. Bununla yanaşı, Paşinyan hakimiyyəti bir sıra uğursuz siyasi gedişlər edib. Belə ki, rəsmi İrəvan Frankofoniya sammitinin yekun bəyanatında Ukraynanın ərazi bütövlüyünü tanıyıb.
Guya dövlətlərin ərazi bütövlüyü məsələsi İrəvan üçün bu qədər önəmlidir. Həmçinin, sammit çərçivəsində Ermənistan prezidenti dünyada bir sıra dövlətlər tərəfindən tanınmayan Kosova rəhbəri ilə xüsusi görüş keçirib. Serbiya Prezidenti sammitə gəlməkdən imtina edib. Nəzərə almaq lazımdır ki, Serbiya uzun illərdir Rusiya ilə yaxın müttəfiqdir. Faktiki olaraq bütün bunları etməklə Ermənistanın hazırkı rəhbərliyi Rusiyanın siyasi maraqlarının əksinə gedir. Çünki Ermənistan beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə ikili standartlar prizmasından yanaşır. Ermənistan Kosova rəhbərliyi ilə görüşlə Serbiyanın ərazi bütövlüyünə və tarixi müttəfiqi saydığı Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini də nümayiş etdirir, eyni zamanda Rusiyanın mənafelərinə arxadan zərbə vurur. Ukraynanın ərazi bütövlüyünə Ermənistanın dəstəyi beynəlxalq hüququn bu mühüm normasına hörmət əlaməti yox, Rusiyanın əleyhinə getmək və Qərbin müəyyən mərkəzlərinin siyasətini həyata keçirmək cəhdidir.
Siyasi analitiklər hesab edirlər ki, Ermənistanın eyni vaxtda Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, Serbiyanın ərazi bütövlüyünü pozan Kosova ilə bərabərhüquqlu münasibətlər qurması başadüşülən deyil. Bu baxımdan Ermənistanın Rusiyaya xəyanətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu cür ikili oyunbazlıq Paşinyan hakimiyyəti üçün yaxşı nəticələnməyəcək: “İrəvanda keçirilən Frankofoniya sammitinin yekun bəyannaməsində Ermənistanın Rusiyanın maraqlarına qarşı mövqe ortaya qoyaraq ərazi bütövlüyü ilə bağlı sənədi dəstəkləməsi göstərir ki, N.Paşinyan anti-Rusiya siyasəti aparır və Qərbə yaxınlaşır. Rusiyanın Ermənistanın bu kimi siyasətinə qarşı sərt reaksiya verəcəyi, hətta müəyyən sahələrdə sanksiyalar tətbiq edəcəyini istisna etmirəm. Rusiya hazırda Ermənistanda baş verənlərdən narahatdır. Xarici siyasət oriyentasiyasını dəyişdiyinə görə Paşinyana sərt xəbərdarlıq ediləcək. Göründüyü kimi, inqilab baş nazirinin Rusiyanın geosiyasətinə qarşı demarşlarının davam etməsi gözlənir. Bu da Ermənistan üzərində Qərb-Rusiya maraq toqquşmasını tətikləyir. Təbii ki, Frankofoniya sammiti Qərbin layihəsidir. Bu sammitdə qəbul edilən qərarlar təbii ki, Rusiyanın maraqlarına cavab vermir. Bu kimi təşkilatın İrəvanda sammitinin keçirilməsi Ermənistanın yeni hakimiyyətinə müəyyən dəstək xarakteri daşıyırdı. Ancaq qeyd olunduğu kimi, ərazi bütövlüyü ilə bağlı qətnaməyə Ermənistanın səs verməsi Rusiyanı narahat etməyə bilməz. Rusiyanın forpostu olan Ermənistanın Moskvadan uzaqlaşmasının mənfi təsirlərinin biz qısa zamanda şahidi olacağıq”.
Vidadi ORDAHALLI