Elşən Mustafayev: “Hesab edirəm ki, indiki Ermənistan iqtidarı həm ölkə daxilindəki təbliğat, həm də konstruktiv olmaq baxımından mühüm addımlar atmalıdır”
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz maraqlı açıqlamalar verib. O bildirib ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil.
Səfir qeyd edib ki, erməni xalqı hansı nizamlanmaya hazır olduğunu müəyyən etməlidir: "Mən ilk dəfə bura gələndə və aydınlaşdıranda ki, görüşdüyüm ermənilərin əksəriyyəti danışıq prosesinin hissəsi kimi işğal edilmiş ərazilərin qaytarılmasına qarşıdır, təəccüblənmişdim. Məni o fakt təəccübləndirir ki, Ermənistanda münasib qərarlar və güzəştlər haqqında müzakirələr praktiki olaraq aparılmır. Uzun illər mənim hökumətimin təsəvvüründə belə bir fikir vardı ki, bu torpaqlar sonradan "ərazilər statusa əvəz olaraq " düsturu üzrə istifadə edilməsi üçün tutulub. Mən həqiqətən təəccüblənmişəm ki, bu variant artıq dəstək qazanmır".
O deyib ki, 2016-cı ilin aprel müharibəsinin bu yanaşmanı kəskinləşdirdiyini anlayır. "Amma reallıq ondan ibarətdir ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan münaqişənin nizama salınması mümkün deyil”, - deyə səlahiyyət müddəti başa çatan ABŞ səfiri vurğulayıb.
Göründüyü kimi, ABŞ səfiri qeyd edib ki, tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil. Diplomatik missiyasının yekununda Millzin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirləri necə dəyərləndirmək olar?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə bildirdi ki, ABŞ diplomatı bu fikirləri səsləndirməklə mövcud reallıqları dilə gətirib: “Bilirsiniz ki, səfirlər təmsil etdikləri ölkələrinin mövqeyinə uyğun danışırlar. Bu baxımdan da Millzin məlum açıqlamasını biz ABŞ-ın Dağlıq Qarabağ probleminə olan yanaşması kimi qəbul edə bilərik. Əminliklə söyləmək olar ki, ABŞ səfirinin bu açıqlaması Azərbaycanın danışıqlar prosesində mövqeyi ilə uzlaşır. Amma bu fikri sona qədər ifadə etmək lazımdır. Dağlıq Qarabağa bitişik olan iğaldakı rayonların geri qaytarılması hamı tərəfindən qəbul edilir. Hətta danışıqlar prosesində sülhə ən yaxın sayılan “Madrid prinsipləri” deyilən sənəddə də bu öz əksini tapır. Ancaq bilirik ki, ermənilər bunun müqabilində Azərbaycanı qane etməyən şərtlər irəli sürürlər. Bizim təsəvvürümüzə görə, Ermənistan ətraf rayonların işğaldan azad olunması ilə bağlı məsələni alver predmetinə çevirməklə Dağlıq Qarabağın ilhaqını rəsmiləşdirməyə can atır. Ancaq görürsünüz ki, Ermənistanın daxilindəki ab-hava səfiri də təəccübləndirib. O, açıq mətnlə bəyan edir ki, hətta torpaqların nəyinsə müqabilində qaytarılacağı ilə bağlı belə Ermənistan cəmiyyətində heç bir müzakirələr aparılmır. Bunu dövlət etməlidir. Onlar bu istiqamətdə təbliğatın aparılmasına qarşıdırlarsa, demək ki, münaqişənin tezliklə həllində maraqlı deyillər. Təbii ki, Ermənistan cəmiyyətinin heç bir güzəştə hazır olmamasının səbəbi oranı idarə edən hakimiyyətlərdə olub. Hesab edirəm ki, indiki Ermənistan iqtidarı Millzin bu mövqeyində nəticə çıxarıb, həm ölkə daxilindəki təbliğat, həm də konstruktiv olmaq baxımından mühüm addımlar atmalıdır. Əks halda, Ermənistan daha acı sonluqla rastlaşa bilər”.
Məhəmmədəli QƏRİBLİ