Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq forumunda respublika hökuməti tərəfindən hazırlanmış "Sülh qovşağı” layihəsinin təfərrüatlarını təqdim edib.
Paşinyanın sözlərinə görə, layihənin əsas qayəsi Ermənistan, Türkiyə, Azərbaycan, İran və Gürcüstanda kommunikasiyaların inkişafıdır: “Ermənistanın cənubundan və şimalından keçən yollar 30 ildir regional mənada işləmir. Şərqlə Qərbi birləşdirən çoxsaylı yollar da işləmir və onlardan istifadə Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirmək üçün effektiv vasitəyə çevriləcək”.
Maraqlıdır, Ermənistan belə bir layihəni həyata keçirmək gücündədirm?
“44 kilometrlik yol çəkmək qüdrətində olmayan Ermənistanın hansısa meqalayihə reallaşdıracağı gülüncdür”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında Ermənistanın belə bir layihə icra edə biləcəyini istisna etdi: “Ən azından ona görə ki, Ermənistanın timsalında belə layihənin həyata keçirilməsi utopik görünür. Məsələ ondadır ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb. Uzağa getmək lazım deyil, Zəngəzur dəhlizi layihəsi kontekstində bunu açıq-aydın görmək olur. Məsələn, Mehridən keçən yolun uzunluğu 44 kilometrdir. Bu, çox qısa məsafə hesab olunur, amma bunu Ermənistan reallaşdırmayıb və yaxud da bunun gücündə deyil. Ancaq yeri gəldi-gəlmədi, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı manipulyasiya edir. 44 kilometrlik yol çəkmək qüdrətində olmayan Ermənistanın hansısa meqalayihə reallaşdıracağı gülüncdür. Paşinyan Ermənistanın regional layihələrdəki iştirakını stimullaşdıracaq layihəsində Rusiyanı kənara qoyur. Halbuki, regionda Rusiyanın iştirakı olmadan belə layihələrin baş tutması çətindir. Paşinyan İran körfəzi sahillərindən başlayaraq Gürcüstana avtomagistraldan dəm vurur. Kim belə bahalı və rentabelliyi sual altında olan layihəyə vəsait ayıracaq? Deməyim odur ki, Paşinyan irəli sürdüyü variantlar utopik görünür. Hazır Zəngəzur dəhlizi layihəsi var ikən, Paşinyanın mürəkkəb relyefli coğrafiyada yüz kilometrlərlə yolların, dəmiryolunun və sair çəkilməsini istəməsi real görünmür. Ötən 30 il ərzində Ermənistan heç olmasa bir regional layihəyə töhfə verməyib. Məsələn, Ermənistan ərazilərimizi işğal etməsəydi Bakı-Tbilisi-Ceyhan neft kəməri Ermənistan ərazisindən keçərdi. Nəticədə neft kəmərinin uzunluğu indiki ilə müqayisədə 35 kilometr qısa olardı. Zamanında bu kimi bir sıra layihələri dəyərləndirməyən, bununla bağlı təcrübəyə malik olmayan Ermənistanın indi böyük layihələr reallaşdırması sadəcə xoş xəyaldır”.
Vidadi ORDAHALLI