Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç, Qarabağ regionu da daxil olmaqla, Ermənistana və Azərbaycana 16-23 oktyabr tarixlərində baş tutan səfəri başa çatdıqdan sonra bəyanat yayıb.
Bəyanatda bir sıra məsələlərə toxunan Komissar Ermənistana səfəri zamanı Qarabağdan məcburi köçkünlər üçün sığınacaqlara baş çəkib və Avropa Şurası üzvlərini köçkünlərə kömək etməyə çağırıb. Azərbaycana səfəri zamanı rəsmi və digər şəxslərlə görüşlər keçirən Komissar qeyd edib ki, Azərbaycan regionda qalan və Ermənistana gedən etnik ermənilərin hüquqlarına, o cümlədən təhlükəsiz və layiqli bir şəkildə öz evlərinə qayıtmaq hüququna zəmanət verməlidir.
Maraqlıdır, Avropa Şurası Miyatoviçin bu missiyasını Fransanın keçmiş müstəmləkələrinə niyə göndərmir? Polineziyada, Kalidoniyada olmazın cinayətlər törədilir. O cümlədən, Korsikaya niyə missiya göndərilmir? Miyatoviç niyə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır?
“Qurumun marağında olmadığı üçün Miyatoviçin missiyasını Polineziyaya, Kalidoniyaya, Korsikaya göndərmirlər”
Sözügedən məsələyə aydınlıq gətirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Azərbaycan və Ermənistan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olandan sonra çoxsaylı öhdəliklər götürdü. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirak edirlər. Həmən dövrdən indiyə qədər beynəlxalq qurumların Azərbaycanın xeyrinə qəbul etdiyi sənədlərin, demək olar ki, mütləq əksəriyyəti kağız üzərindədir. İndi Miyatoviçin Azərbaycan və Ermənistana səfər etməsi o demək deyil ki, bunlar ortaya nəsə qoyacaqlar. Birincisi, Avropa Şurasının 2016-cı ilin yanvarında “Sərsəng” su anbarı ilə bağlı qəbul etdiyi 2035 saylı qətnaməsi var. Miyatoviçdən soruşmaq lazımdır ki, nəyə görə o vaxt məruzəçini ermənilər nə Ermənistana, nə də Qarabağa buraxmadılar? O vaxt Avropa Şurası niyə bütün bunlara susurdu? Deməyim odur ki, Avropa təsisatları hadisələrə ikili standartlardan yanaşır. Özlərinə lazım olanda canfəşanlıq edirlər, lazım olmayanda görməzdən gəlirlər. Azərbaycanın 1 milyonadək qaçqın və məcburi köçkünü olanda bunlar səslərini niyə çıxarmırdılar? Fransanın müstəmləkələrində insan haqları pozulur, ona niyə səslərini çıxarmırlar? Niyə bu qurumlar Korsikada əhalinin nə istədiyi ilə maraqlanmır? Çünki bunların marağında deyil. Qurumun marağında olmadığı üçün Miyatoviçin missiyasını Polineziyaya, Kalidoniyaya, Korsikaya göndərmirlər. Çünki Fransa Avropa qurumlarında lokomotiv mövqeyə malikdir. Fransa ilə münasibətləri gərginləşdirmək istəmirlər. Maraq həm də onunla əlaqədardır ki, Ermənistanın yeni rəhbərliyi yeni qəyyum axtarır. Rusiyadan uzaqlaşmaq istəyir. Fransa burada xüsusi canfəşanlıq edir. Ona görə də bunlar Qarabağdan köçən ermənilər üçün timsah göz yaşları tökürlər. Halbuki, Qarabağ erməniləri öz xoşu ilə oranı tərk edib. Buna Azərbaycan onları zor gücü ilə məcbur etməyib. Bütün bunlara baxmayaraq, Avropa qurumları məsələyə qərəzli yanaşır. Ona görə ki, ikili standartlardan çıxış edirlər. Bunlar öz maraqlarına uyğun olaraq məsələlərə yanaşırlar”.
Vidadi ORDAHALLI