Məlum olduğu kimi, Maltada Ukrayna məsələsini tənzimləmək üçün 60 dövlətin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Rusiya həmin tədbirə ümumiyyətlə dəvət olunmayıb.
Çin, Misir, Birləşmiş Əmirliklər tədbirdə iştirak etməkdən imtina ediblər. O da məlum olub ki, ilin sonu üçün Ukraynaya dair Qlobal Sammit hazırlanır.
Diqqətiçəkən məqam odur ki, Malta konfransında Ermənistan da fəal iştirak edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Maltada ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayn və Fransa prezidenti Emmanuel Makronun köməkçisi Bertran Buxvalterlə görüşüb. Görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və sülhün bərqərar olması yolları müzakirə olunub. Rusiya Xarici İşlər Nazirliyi bu forumu “açıq şəkildə anti-Rusiya hadisəsi” adlandırıb.
Görünən odur ki, Ermənistan Putinin əleyhinə, Rusiyanın regionla bağlı siyasətinə qarşı növbəti siyasi gediş etdi. Ümumən, bütün bunları ekspertlər necə dəyərləndirir?
“Ermənistan həmin tədbirdə iştirak etməklə Qərbin yanında olduğunu göstərdi”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən politoloq Elşən Manafov məsələyə bir neçə prizmadan yanaşdı: “Tarixi təcrubə göstərir ki, Rusiyanın iştirakı və razilığı olmadan dünyanın yeni nizamını müəyyənləşdirmək cəhdləri səmərə verməyib. Rusiya qlobal masştabda dünyada cərəyan edən hadisələrə çox böyuk və ciddi təsir imkanları olan dövlətlərdəndir. Birinci Dünya müharibəsinin başa çatmasından sonra qalib dövlətlərin Rusiyanın iştirakı və razılığı olmadan yeni dünya nizamını qurmaq üçün təklif etdikləri model uzunömürlü olmadı. Versal-Vaşinqton sisteminin beynəlxalq münasibətlər tarixinə təsir imkanları 20 ilə kifayət etdi və bunun əsas səbəblərindən biri Rusiyanın geopolitik maraqlarının nəzərə alınmaması idi. Maltada 60 dövlətin qatıldığı beynəlxalq konfransa Rusiyanın dəvət olunmaması, üstəlik dünyanın iqtisadi güc baxımından 2-ci dövlətinin - Çinin məlum konfransın işinə qatılmaqdan imtina etməsi nəzərə alınarsa, Maltadakı konfransın dünyada yaşanan münaqişələrə münasibətdə əməli əhəmiyyət kəsb edə biləcək qərarlar qəbul etməyəcəyi birmənalıdır. Konfransda Ukrayna prezidenti Zelenskinin müharibəni durdurmaq üçün Rusiyaya ünvanlanmış təkliflərinin müzakirə ediləcəyi gözlənilir. Zelenskinin təklifləri Ukrayna ərazilərindən rus qoşunlarının çıxarılması və Ukraynanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutur. Rusiyanın bu şərtlərlə danışıqlara getməyəcəyi bəllidir. Bu şərtlər Rusiya tərəfindən qəbul olunsaydi, əvvəla müharibəyə ehtiyac qalmazdı. Digər tərəfdən, bu əraziləri baş tutmuş referendumlardan sonra Rusiya öz əraziləri bilir. Üçüncüsü, Zelenski bilməmiş deyil ki, başlanmış müharibənin səbəblərindən biri məhz Ukraynanın Normand dördlüyünün 2014-cü ilin Minsk razılıqlarına əməl etməməsi olub. Nəhayət, Rusiyanın bütün xəbərdarlıqlarına baxmayaraq, Ukraynanın bitərəfliyini elan etməməsi, Rusiya ilə razılıqlara baxmayaraq NATO-nun Şərqə dogru genişlənmək istiqamətində tutdugu yol olub. Ermənistan həmin tədbirdə iştirak etməklə Qərbin yanında olduğunu göstərdi. Bu, bulavasitə Paşinyan hakimiyyəti tərəfindən Rusiyaya qarşı demarş idi. Nəzərə alsaq ki, Ermənistan Rusiya ilə eyni hərbi, iqtisadi bloklarda təmsil olunur, o baxımdan rəsmi İrəvan bunu nəzərə almalıydı. Ancaq Paşinyan hakimiyyəti nümayişkaranə şəkildə tədbirə qatılmaqla müttəfiqi Rusiyanın maraqlarına qarşı getdi”.
Vidadi ORDAHALLI