Azərbaycanın işğalda qalan 8 kəndini (Qazaxın 7, Naxçıvanın 1) azad etməmək üçün Ermənistan müxtəlif bəhanələr uydurmağa davam edir.
Bir müddət əvvəl “anklavların dəyişdirilə biləcəyi” ehtimalı irəli sürülmüşdü, indi isə rəsmi Bakının bununla bağlı “hüquqi sənədləri Ermənistana təqdim etmədiyi” iddiası başlayıb.
Bu fikri erməni mediasına Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib:
“Azərbaycan Ermənistan ərazisində anklavların olması ilə bağlı heç bir hüquqi sənəd, heç bir əsas təqdim etməyib. Nə qədər ki, Azərbaycan hüquqi sənədlər təqdim etməyib, “anklavların dəyişdirilməsi” məsələsini müzakirə etmək mənasızdır”.
Bununla Ermənistan anklavların geri qaytarılmasından yayınmaq istəyirmi?
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hər vəclə anklavlarımızı geri qaytarmaq mövzusundan yayınır: “Hətta yeni iddialar ortaya atmağa başlayıblar ki, guya Ermənistanın da bizim ərazimizdə “xeyli” anklavı var. “Ermənistanın Azərbaycanda anklavları var” ifadəsi Paşinyana məxsusdur, bu da növbəti təxribatçı bəyanatdır. Çünki Azərbaycanda yalnız bir anklav var, bu, Gədəbəy ərazisində olan Başkənddir. Təəssüf ki, bu kənd sovet dönəmində qanunsuz olaraq Ermənistana verilib. Qazaxın və Naxçıvanın kəndlərinə gəlincə, Ermənistan bunları qaytarmalıdır, başqa variantı yoxdur. Ermənistan baş naziri rəqəmlərlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Bura Qarabağla yanaşı, həmin anklavlar da daxildir. Ermənistan növbəti dəfə söz oyunu və terminlər üzərindən manipulyasiya ilə məşğuldur. Qazax-Tovuz istiqamətində guya Ermənistanın anklavları olması ilə bağlı iddia səsləndirir. Xəritəyə baxdıqda bu iddianın nə qədər cəfəng olduğunu görürsən. Ermənistanın davranışları göstərir ki, normal dildə anlamır. Sadəcə Ermənistanı narahat edən budur ki, anklavlar strateji əhəmiyyətə malikdir. Ermənistanı İranla birləşdirən yol Kərkidən keçir. Kərkidən yan keçən yolun çəkilməsi böyük xərclər tələb edir, çətin relyef buna mane olur. Ermənistanı Gürcüstana bağlayan yol isə Yuxarı Əskipara kəndindən keçir. Ermənilər bu məsələlərdən narahat olduqları üçün prosesi uzatmağa çalışırlar. Nə varsa, açıq şəkildə ortadadırsa, Azərbaycan anklavlarla bağlı əlavə nə sənəd təqdim etməlidir? Bütün bunlar əsası olmayan bəhanələrdir”.
Məhəmmədəli QƏRİBLİ