Tbilisi Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan bəyan edib ki, Ermənistan Azərbaycandan qaz almağa hazırdır: “Ermənistan ölkələrimiz arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır.
Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. O vaxt biz Azərbaycandan qaz alırdıq, sonra isə ölkəmizi qazla təchiz etmək üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi, yenə əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”.
Maraqlı açıqlamadır və sülh sazişi imzalanandan sonra prinsipcə, mümkün görünür. Ermənistanda əhali sayının Azərbaycandan 3 dəfə az olduğu üçün qaza tələbat müqayisədə elə də böyük deyil. Ermənistan bu yolla Rusiyadan qaz asılılığına son qoya bilər. Ən başlıcası, bu, iki ölkə arasında etimada müsbət təsir edər, tərəflər arasında sülh dayanıqlı olar.
Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən politoloq Tural İsmayılov hesab edir ki, Azərbaycan hər zaman Ermənistana sülhlə bağlı çağırışlar edib: “Hər zaman söyləyib ki, Ermənistanın regionda reallaşan layihələrdən kənarda qalmasının səbəbkarı elə bu dövlətin özüdür. İndiyə qədər tutduğu təxribatçı mövqe üzündən bölgəyə ancaq gərginlik və aqressiya bəxş edib. Məhz işğalçı siyasətinə görə uzun illər regionda reallaşan çox önəmli iqtisadi formasiyalardan və layihələrdən kənarda qalıb. Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi bu ölkənin gələcəkdə həm bölgədə reallaşacaq ortaq iqtisadi layihələrdən, həm də Azərbaycanla ikili münasibətləri inkişaf etdirdikcə tetatet formada iqtisadi münasibətlərdə, layihələrdə iştirakını da sürətləndirir. Elə məhz Azərbaycanla Ermənistan arasındakı sülh uzun müddət başqa güc faktorlarının əlində forposta çevrilən İrəvanı düşdüyü iqtisadi dalandan və uçurumdan xilas edə bilər. O baxımdan Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyanın məlum fikirlərini bu ölkənin Azərbaycan qazına ehtiyacı olmasının açıq etirafı kimi də dəyərləndirmək olar. Həmçinin bu, onu göstərir ki, Ermənistan da yavaş-yavaş ağıllanmağa başlayır. İndi erməni rəsmilər qəbul edirlər ki, münasibətlər normallaşandan sonra bu, hər iki tərəfin xeyrinə olacaq. Xüsusən də Ermənistanın inkişafına müsbət təkan verəcək. Ona görə də sülh sazişi imzalanandan sonra regional əməkdaşlıq yeni müstəviyə daxil olacaq. Bu da öz növbəsində bir sıra yeni layihələrə təkan verə bilər”.
Vidadi ORDAHALLI