Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və İran arasında Ermənistandan yan keçməklə İran ərazisi ilə dəmir yolunun tikintisi layihəsinə münasibət bildirib. “Şimal-Cənub” dəhlizinə gəlincə, burada tamamilə normal qarşılıqlı əlaqə qurulur.
Bundan başqa, bildiyiniz kimi, Azərbaycan və İran artıq Ermənistandan yan keçməklə Araz çayının cənub sahilindən keçəcək avtomobil yolunun tikintisinə başlayıb və Ermənistandan yan keçməklə İran ərazisindən dəmir yolunun tikintisi haqqında memorandum imzalayıb”, - deyə Overçuk jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistandan yan keçməklə İran vasitəsi ilə Naxçıvana, Türkiyə ilə sərhədə yolun çəkilməsi variantı Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir.
“Qiymətləndirmələrimizə görə, Ermənistan ərazisindən keçərsə dəmir yolu 42 km, İran ərazisindən isə təxminən 50 km olacaq. Bütün fərq budur: iki körpü və 8 km”, - deyə Rusiya baş nazirinin müavini bildirib.
O, həmçinin, Ermənistanın Mehridən yolun tikintisi vasitəsilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı məsləsini də şərh edib. Overçukun sözlərinə görə, layihədə Zəngəzur məntəqəsi hazırda Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir.
“Hazırda Ermənistan “Şimal-Cənub” dəhlizinin bir hissəsi deyil. Onların Mehridən tikilməsi planlaşdırılan yolla bağlı hələ dəqiq mövqeyi yoxdur”, - deyə baş nazirin müavini əlavə edib.
“Gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda Overçukun bu açıqlaması həm də Ermənistana açıq mesaj xarakteri daşıyır”
Rusiyanın Ermənistanın " Zəngəzur dəhlizi" mövqeyinə konkret qiymət verməsini şərh edən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan bütün hallarda vəziyyəti gərginləşdirməyə çalışır, amma Rusiya dəhlizin açılmasında maraqlıdır. “Əlbəttə ki, Rusiya da “Zəngəzur dəhlizi”nin açılmağını istəyir və bu dəhlizin açılması Rusiyanın iqtisadi imkanları baxımından vacib əhəmiyyətə malikdir. Amma təbii ki, Ermənistanın bu məsələdə sobatajçı mövqedə durmasını, özəlliklə Rusiya FZB-nin Mehri yolunda dayanmağını bəhanə edərək dəhlizi əngəlləməyə çalışmasını Rusiya da görür. Hesab edirəm ki, gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda Overçukun bu açıqlaması həm də Ermənistana bir açıq mesaj xarakteri daşıyır. Amma bu məsələdə hansısa hərbi təzyiqlərdən söhbət gedə bilməz”-deyə T.İsmayılov vurğuladı.
Onun sözlərinə görə, faktiki olaraq bu gün, xüsusilə Fransa və Avropa İttifaqının mülki missiyası adı altında Ermənistana gələn Qərb siyasətçiləri və kəşfiyyatçıları Ermənistanın imkanlarını daraldır: “Qərb siyasətçiləri və kəşfiyyatçıları Ermənistana konkret olaraq dəhlizin açılmaması ilə bağlı göstərişlər veriblər. Bu baxımdan bilinən məsələ idi, sadəcə Overçuk bunu artıq açıq formada səsləndirdi. Buna baxmayaraq, artıq bu layihəyə alternativ yollar üzərindən İranla anlaşma var. Hər halda gündəmdən düşmür. Ancaq hazırkı məqamda öz cəlbediciliyini də artıq itirmiş hesab edilə bilər”.
İradə SARIYEVA