Məlum olduğu kimi, erməni təxribatı üzündən Laçın sərhəd-keçid məntəqəsindən avtomobillərin keçidi dayandırılıb. Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər məntəqənin işləməyəcəyi də qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu arada erməni mediası yazır ki, əslində, baş verən hadisənin günahkarı elə onlar özləridir. “Qraparak” nəşri yazır ki, iyunun 15-də yaşanan insident zamanı Azərbaycan öz ərazisində bayraq qaldırıb: “Həmin hadisə ilə bağlı videoda aydın görünür ki, Ermənistanın çəkdiyi yol ilə körpü arasında bir neçə metr asfaltlanmamış torpaq sahəsi var. Sanki ikitərəfli qəbul edilən neytral zonadır. Azərbaycan tərəfi də həmin neytral zonaya çatmamış öz tikdiyi körpünün başlanğıcında bayraq sancırdı. Azərbaycanlıları müşayiət edən rus sülhməramlılar buna görə ərazinin Azərbaycana aid olduğunu bildiriblər. Azərbaycanlılar gözləri önündə körpü tikdi, Ermənistan səsini çıxarmadı. Bəs, Nikol fikirləşmirdi ki, azərbaycanlılar körpü tikdikdən sonra tikdirdikləri körpünün başına Azərbaycan bayrağını da sancacaqlar?”.
Görünən odur ki, artıq erməni mediası da həqiqəti etiraf etmək zorunda qalıb. Çünki ortada danılmaz faktlar var.
“Məlum həqiqətlərin bəzi erməni media resurslarında öz əksini tapması önəmli hadisədir”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədlinin fikrincə, erməni mətbuatı real faktları etiraf etməklə məsələnin əsil mahiyyətini ortaya qoyur: “Ermənistanda obyektiv olan media resursları var, amma onların sayı çox azdır. Reallıq odur ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda həqiqəti etiraf edənlərin sayında artım var. Halbuki, müharibədən əvvəl belə bir tendensiya ümumiyyətlə müşahidə olunmurdu. Ancaq müharibənin nəticələri müəyyən qədər erməni ictimayətini ayıltdı. İyunun 15-də Həkəri çayında Ermənistanın törətdiyi insident bir daha göstərdi ki, qarşı tərəf kompromislərdə maraqlı deyil. Həmin yol Qarabağ ermənilərini Ermənistanla bağlayan yeganə yoldur. Erməni tərəfi düşünürdü ki, Həkəri təxribatından sonra yolun bağlanması ilə əlaqədar Azərbaycana beynəlxalq təzyiqlər artacaq. Ancaq onların gözləntiləri özünü doğrultmadı. Niyə? Ona görə ki, ortada video görüntülər var. Özü də bu görüntülər məhz Ermənistan tərəfindən lentə alınıb. Həmin görüntülərdə aydın şəkildə görünür ki, təxribatı erməni tərəfi törədir. İmkan vermirlər ki, Azərbaycan tərəfi sərhəddə bayraq assın. Məlum məsələdir ki, bütün bunlar Ermənistanın ifşa olunmasında mühüm rol oynadı. Hətta deyərdim ki, uzun illərdir Ermənistanı himayə edən dairələri də çıxılmaz duruma saldı. Çünki ortada real faktlar var idi. Xüsusən də nəzərə almaq lazımdır ki, internet əsrində yaşayırıq. Otuz il əvvəlki dövr deyil ki, erməni lobbisi dünya ictimaiyyətini aldada bilsin. Baxmayaraq ki, indinin özündə də bir sıra ölkələrin media resurslarında ermənilər fəal təmsil olunur. Bütün hallarda, məlum həqiqətlərin bəzi erməni media resurslarında öz əksini tapması önəmli hadisədir”.
Vidadi ORDAHALLI