Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə 44 günlük müharibədən sonra imzaladığı kapitulyasiya aktı ilə bağlı açıqlama verib.
Paşinyan Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını noyabrın 9-u səhər imzaladığını bildirib.
O, bu barədə 44 günlük müharibə ilə bağlı Ermənistanda yaradılmış komissiyanın iclasında bildirib.
Noyabrın 9-da müharibəni dayandırmaq üçün 5-ci cəhd edildiyini deyən Paşinyan bildirib ki, birinci cəhdi oktyabrın 7-də - Rusiya Prezidenti Vladimir Putinin ad günündə edib.
2020-ci ildə atəşkəs bəyanatını noyabrın 9-da səhər imzalayıb, baxmayaraq ki, sənəd axşam saatlarında açıqlanıb.
Ermənistanın baş naziri Nikol Paşinyan 8-9 noyabr 2020-ci il tarixlərində Rusiya Prezidenti Vladimir Putinlə 20-yə yaxın telefon danışığı aparıb.
Onun sözlərinə görə, 44 günlük müharibə zamanı Putinlə telefon danışıqlarının sayı ümumilikdə 60-a yaxın olub. Paşinyanın açıqladığı bu faktlar İlham Əliyevin müharibənin gedişində çox prinsipial mövqe nümayiş etdirdiyinə bir sübut sayıla bilərmi?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı:
“Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Ölkə başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu qələbə sadəcə 44 günlük müharibənin nəticəsi deyildi. Bu fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı”.
Ekspertin sözlərinə görə, elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərməyi bacardı: “Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazanıldı. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbə elə gözəl bir nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgər belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. Paşinyanın etdiyi etiraflardan İlham Əliyevin müharibədə nümayiş etdirdiyi qətiyyətli xarakteri bir daha aydın görünür. 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizam, mobillik, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi qələbimizi şərtləndirən amillərdən oldu. Azərbaycan xalqının Ordusuna olan güvəni, Ali Baş Komandanın ətrafında sıx birləşməsi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumuna da olduqca müsbət təsir etdi. Bunun nəticəsi idi ki, yaralanmış və ağır vəziyyətdə olan hər bir əsgər və zabitimiz tezliklə sağalaraq döyüş bölgəsinə qayıtmağa can atırdı”.
Məhəmmədəli QƏRİBLİ