Xarici işlər nazirinin müavini Vaan Kostanyan keçirdiyi brifinqdə açıq bəyan edib ki, sülh məsələsində Azərbaycan və Ermənistanın mövqeləri bir-birindən kifayət qədər uzaqdır:
“Ermənistan və Azərbaycan hələ də sülh müqaviləsinin bağlanması üçün bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyası xəritələri barədə razılığa gəlməyiblər. Təəssüf ki, hazırda hansı ilin xəritəsi əsasında növbəti delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur. Elə prinsipial məsələlər var ki, onların ətrafında razılaşa bilmirik”.
“Azərbaycan və Naxçıvan arasındakı dəmir yolu bu il istismara veriləcəkmi” sualına Kostanyan belə cavab verib: “Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır və bu prosesi irəlilətməyə hazırdır. O cümlədən dəmir yolunun açılmasında. Elə ki, suverenlik və yurisdiksiya prinsipləri barədə razılaşma əldə olundu, biz irəliləməyə hazır olacağıq”.
Görünən odur ki, Ermənistan rəsmiləri sülh sazişi ilə bağlı pessimist mövqedədilər və bunu açıq bəyan etməkdən çəkinmirlər.
“Ermənilər nəinki itirmək istəmədikləri Qarabağı, bütövlükdə öz dövlətçiliklərini itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Ermənistan sülhdə maraqlı deyil: “Ermənistan rəsmisinin sərgilədiyi mövqe açıq-aşkar göstərir ki, erməni tərəfi həm sülhə hazır deyil, həm də bunda maraqlı deyil. İndiyə qədər Ermənistanın danışıqlarda iştirak etməsi imitasiya xarakterli olub və vaxt qazanmağa hesablanıb. Dəfələrlə bəyan etmişəm ki, Ermənistan tərəfinin səmimiyyətinə inanmaq olmaz. Onlar vaxt qazanmaqla toparlanmaq və mövqelərini gücləndirmək istəyirlər. Paşinyan hakimiyyəti zaman qazanmaqla həm də siyasi rəqiblərini sıradan çıxarmağa çalışır. Eyni zamanda, vaxtı uzatmaqla xatici dəstək qazanmağa çalışır. Ona görə də erməni tərəfindən pozitiv mövqe gözləmək sadəlövhlük olar. Uzun illərin təcrübəsi göstərdi ki, ermənilərlə beynəlxalq hüquq müstəvisində danışmaq mümkünsüzdür. Onların başa düşdüyü dil güc dilidir. Azərbaycan Ordusu da bunu çox yaxşı bacarır. Ona görə də hesab edirəm ki, hələlik danışıqlar gedir, bizə qarşı basqılar var, danışıqlarla bu basqıları dəf edirik. Dünyada açıq-aşkar görürlər ki, prosesi uzadan, sülh müqaviləsinə hazır olmayan Ermənistandır. Ermənistan sülh sazişindən yayınmaq üçün müxtəlif rıçaqlardan istifadə edir. Yeri gələndə Rusiyadan, yeri gələndə Fransadan istifadə edir. Bütün bunların fonunda hesab edirəm ki, Ermənistanla danışıqlar limiti bitmək üzrədir. Belə olan halda ordumuz lazım olan addımları atacaq və Ermənistanı biz zorla sülhə məcbur edəcəyik. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yox, kapitulyasiya aktı imzalanacaq. Ermənilər nəinki itirmək istəmədikləri Qarabağı, bütövlükdə öz dövlətçiliklərini itirmək təhlükəsi ilə üz-üzə qalacaqlar. Bu baxımdan hesab edirəm ki, çıxış yolu bundadır. Ona görə də Azərbaycan cəmiyyəti buna hazır olmalıdır. Çünki düşmənə nə qədər çox güzəştə getsək, onların iddialarının sayı artır. O üzdən, bir addım da güzəştə getmək olmaz. Biz həm Qarabağdakı erməni separatçı tör-töküntülərini rədd edib çıxatmalıyıq, eyni zamanda Azərbaycan soydaşlarımızın öz tarixi dədə-baba torpaqlarına qayıtması üçün addımlar atmalıdır. Nə qədər ermənilərə kənardan kömək etsələr, silah-sursat versələr də, Azərbaycanın qarşısında Ermənistanın dayanmağa heç bir potensialı yoxdur. Növbəti mərhələlərdə də heç bir potensialı olmayacaq. O üzdən, proseslərə optimist yanaşıram və nəticədə Azərbaycan istədiyinə nail olacaq. Erməniləri isə ağır məğlubiyyət gözləyir”.
Vidadi ORDAHALLI