KTMT XİN başçılarının Minsk görüşündə Rusiya naziri Lavrov Azərbaycan-Ermənistan normallaşması barədə narahatedici fikirlər səsləndirib. Bu prosesdə Qərbin iştirak cəhdlərini dəyərləndirməyə çalışıb və Qərb tərəfdən bu cəhdləri regiona sülh gətirmək yox, regiona nüfuz etmək məqsədi kimi izah edib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Aydın məsələdir ki, Lavrov bölgəmizin üstündə ənənəvi Rusiya - Qərb geosiyasi rəqabətindən çıxış edir. Lakin bizim üçün onun sonrakı fikirləri təəccüblüdür. O, Qərbi nəzərdə tutaraq deyib - "Hər kəs sülh vasitəçilik təşəbbüslərindən ola bilər. Lakin əsas odur ki, Azərbaycanın və Ermənistanın dövlət mənafeləri arasında balans yarada bilən qərarlar qəbul edilsin"... Elə buradaca cənab Lavrova "stop" demək yeridir...
Əvvəla, söhbət bir təcavüzkar, bir təcavüz qurbanı olmuş ölkədən və təcavüzün bütün nəticələrinin aradan qaldırılmasından gedirsə hansı balansdan danışmaq olar?! Deməliyik ki, Qarabağın adı Azərbaycanın, özü Ermənistanın olması kimi vəziyyət rəsmiləşdirilsin? Deməliyik ki, Ermənistan 10 noyabr sənədini icra etsə də olar, etməsə də? Ya bəlkə Xankəndindəki 20 min separatçı silahlını Milli ordumuzun sıralarına qatmalıyıq? Bunlar balans sayılır?
İkinci, dəqiq beynəlxalq hüquq norma və prinsipləri olduğu halda, süni balans yaratmaq üsulu nəyə dəyər?
Üçüncü, məgər 30 il heç bir müsbət effekt verməmiş təcavüzkarı və təcavüz qurbanını bərabərləşdirməklə balans yaratmaq səylərinin mənasızlığını dərk etmədinizmi?
Sonda, cənab Lavrov, bu gün Azərbaycan-Ermənistan normallaşmasının balansa yox, beynəlxalq hüquq və ədalət prinsiplərinə söykənməsi lazımdır. Azərbaycan üçün bu prinsiplərə dəstəyin Rusiyadan, ya Qərbdən gəlməsinin heç fərqi yoxdur...
Tahir TAĞIYEV