Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində kommunikasiyaların açılması ilə bağlı deyib ki, ən böyük problem etimaddır:
“Məhz buna görə danışıqlar yavaş irəliləyir. Son nəticədə yoldan adi insanlar - azərbaycanlılar, ermənilər, digər ölkələrin vətəndaşları gedəcək. Onlar sərhədi keçərkən bir-biri ilə necə davranacaq, digər dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin ediləcək? Bu gün bu, əsas sualdır, biz bu suala elə cavab vermək istəyirik ki, digər ölkənin ərazisində bu insanların başına pis heç nə gəlməyəcəyindən əmin olaq. Və əlbəttə ki, biz hamımız hazırda sərhəddə baş verənlərin təsiri altındayıq. Atəşkəs olsa, həll tapmaq daha asan olardı”.
İki ölkə arasında sülh sazişi olmadan tərəflər arasında necə etimad yarana bilər? Rusiya niyə iki ölkə arasında sülh sazişinin imzalanmasına yox, kommunikasiyaların açılmasına daha çox önəm verir?
“Belə vəziyyət Rusiyaya hər iki ölkəni təzyiq altında saxlamağa şərait yaradır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyanın sözügedən məsələyə daha çox önəm verməsi Zəngəzurla bağlı narahat olmasından irəli gəlir: “Bu, daha çox Ermənistanla Rusiya arasında təhlükəsizliklə bağlı yaranan böhrandan irəli gəlir. Ermənistan tərəfi Rusiyanın Zəngəzur dəhlizində nəzarəti öz üzərinə götürməsini istəmir. Məqsədləri odur ki, nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidməti deyil, ermənilər həyata keçirsin. Bu da Moskvanı narahat edir. Ona görə də Overçuk belə açıqlamalar verir. Təbii ki, Rusiyanın burada təhlükəsizliyi təmin etmə cəhdləri effekt verməyəcək. İki ölkə arasında sülh olmadan kommunikasiyaların açılması məntiqli yanaşma deyil. Çünki bu, yeni böhranın yaranmasına və qarşılıqlı etimadın sıfırlanmasına gətirib çıxara bilər. Belə olan halda Rusiya istədiyi vaxt prosesi körükləyəcək və tərəflərə təzyiq göstərəcək. Hesab edirəm ki, Rusiya rəsmilərinin bu kimi açıqlamaları Moskvanın regionda öz mövqelərini gücləndirmək məqsədi daşıyır. Rusiya istəyir ki, nəqliyyat xətləri açılsın, bundan öz iqtisadi, siyasi məqsədləri üçün istifadə etsinlər. Ancaq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması sonsuza qədər yubansın. Çünki belə vəziyyət Rusiyaya hər iki ölkəni təzyiq altında saxlamağa şərait yaradır. O üzdən, Rusiya sülh sazişi məsələsində tələsmir. Bütün bunlar Rusiyanın öz geopolitik maraqlarından irəli gəlir. Ancaq Ermənistan tərəfinin kommunikasiyalara nəzarətlə bağlı Rusiyanın planına razı olacağını düşünmürəm. Üstəlik, bu məsələdə Qərb Ermənistana dəstək verir. Bunun nəticəsidir ki, Ermənistan Rusiya FTX-nin yola nəzarət məsələsinə israrla müqavimət göstərir. Overçukun nə deməsindən asılı olmayaraq, Azərbaycan öz milli maraqlarından geri çəkilməyəcək”.
Vidadi ORDAHALLI