Avropa Şurası Parlament Assambleyasından Azərbaycana münasibətdə daha bir ədalətsizlik. Belə ki, AŞPA-nın iyunun 22-də keçiriləcək plenar iclasında Laçın yolu ilə maneəsiz və təhlükəsiz keçidin təmin edilməsi məsələsi müzakirə olunacaq. İclas çərçivəsində AŞPA-nın Laçın dəhlizindəki vəziyyətlə bağlı hesabatı dinlənəcək və bunun ətrafında müzakirələr aparılacaq.
Yeri gəlmişkən, AŞPA bundan əvvəl ermənilərin təşəbbüsü ilə bu məsələnin müzakirəsi üçün qətnamə qəbul edib. Həmin qətnamənin lehinə 73, əleyhinə 15 nümayəndə səs verib. Bütün bunlar azmış kimi, Laçın yolundakı təhlükəsizlik məsələsini müzakirə predmetinə çevirirlər. Erməni tərəfi anlamaq istəmir ki, Laçın Azərbaycanın suveren ərazisidir və nəzarət-buraxılış məntəqəsi qurmaq beynəlxalq hüquqa uyğun addımdır. Problem ondadır ki, AŞPA da ermənilərin təsiri altına düşərək analoji mövqedən çıxış edir. Halbuki, erməni tərəfinin irəli sürdüyü təşəbbüsün nə siyasi, nə də hüquqi əsası var.
“AŞPA zaman-zaman Azərbaycanla bağlı belə ədalətsiz müzakirələrə şərait yaradır”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, ermənilərin AŞPA-da növbəti həyasızlığı gözlənilən idi: “Əvvəla, Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olandan sonra bütün gücünü informasiya və diplomatiya müstəvisinə yönəldib. Xüsusən də ingilis və rus dilində olan informasiya resurslarında bu istiqamətdə çox güclü təbliğat aparırlar. Bütün vasitələrlə çalışırlar ki, beynəlxalq ictimai rəydə Azərbaycan barəsində mənfi fikir formalaşdırsınlar. Əfsuslar olsun ki, bizim bu sahədə fəaliyyətimiz gərəkən səviyyədə deyil. Bu da zamanla bizim əleyhimizə işləyə bilər. Azərbaycanın rus və ingilis dillərində erməni yalanlarını ifşa edəcək ekspertlərin sayı çox azdır. Üstəlik, erməni lobbisi Avropa təsisatlarında fəaliyyət göstərən deputatları pulla ələ alır və bu kimi təşəbbüslərin gündəliyə daxil edilməsinə nail olur. Məhz bütün bunların nəticəsidir ki, AŞPA iyunun 22-də keçiriləcək plenar iclasında Laçın yolu ilə bağlı məsələni müzakirə edəcək. Onsuz da AŞPA zaman-zaman Azərbaycanla bağlı belə ədalətsiz müzakirələrə şərait yaradır. Yəni, bu, birinci dəfə deyil baş verir. Dəfələrlə belə ədalətsizliklərlə üzləşmişik. AŞPA 30 il işğal altında qalan ərazilərimizdə törədilən vandalizm aktlarını pisləmək əvəzinə, separatçılara qahmar çıxmağa çalışır. Son günlər bu məsələdə ermənilərin əlini gücləndirən amil iyunun 15-də Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində törədilən təxribatla bağlıdır. Məsələ ondadır ki, Azərbaycan tərəfi bayrağı dəyişdirərkən sərhədçilərimiz hücuma məruz qalıb. Nəticədə bir hərbçimiz yaralanıb. Məlum təxribatdan sonra Laçın yolunda gediş-gəliş dayandırılıb. Erməni tərəfi də məhz bundan sui-istifadə edərək Avropa qurumlarında şüvən qaldırıblar. Guya ki, Azərbaycan Qarabağdakı erməniləri tam təcrid edib. AŞPA-dakı bu canfəşanlıq həm də bununla bağlıdır. Bütün bu ədalətsizliklərə baxmayaraq, biz Qarabağ məsələsində daha sərt və maksimalist mövqe sərgiləməliyik”.
Vidadi ORDAHALLI