Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş Xəzər Bağlantı Konfransında çıxış edib.
Nazirlikdən verilən məlumata görə, nazir Ceyhun Bayramov ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib.
Bu mənada ön plana çıxan təşəbbüs olan və Orta Dəhliz daxilində əlaqəni daha da artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib. Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfindən kommunikasiyaların açılmasına törədilən çətinliklər diqqətə çatdırılıb.
Nazir deyib ki, Ermənistanla bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşma prosesi üçün perspektivlər açılıb.
Nazir Azərbaycanın regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etmək əzmində olduğunu, regiondan və ondan kənarda olan investorlarla əməkdaşlıqda marağını qeyd edib. Bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma və reabilitasiya səylərini dəstəkləməyə dəvət edilib.