İndi də Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avroittifaq mülki missiyasının Laçın yoluna yerləşdirilməsi təşəbbüsü ilə çıxış edir.
Borrel Aİ-nin Ermənistanla Azərbaycan sərhədi boyunca yerləşən mülki missiyasının rolunu qeyd edərək, Azərbaycanın öz sərhədi boyunca oxşar missiyanın yerləşdirilməsinə icazə vermədiyini vurğulayıb. Aİ nümayəndələrinin missiyası Ermənistan ərazisində fəaliyyət göstərir, sərhəddə baş verən hadisələri müşahidə edir. Borrel qeyd edib ki, beynəlxalq ictimaiyyət və Aİ Azərbaycanı müşahidəçilərin Laçın dəhlizinə daxil olmasına və orada nəzarət-buraxılış məntəqəsində qalmasına icazə verməyə çağırıb.
Bununla yanaşı, Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurması Borrel tərəfindən Qarabağda ermənilər üçün yaratdığı “çətinliklərə” görə tənqid edilib. Lakin o, Aİ-nin Ermənistandakı missiyasının nəzarət-buraxılış məntəqəsinin bağlanmasına nail ola bilməyəcəyini və diplomatik həllin yeganə əlverişli variant olduğunu vurğulayıb.
“Bütün dünya görəcək ki, blokada ilə bağlı ermənilərin səsləndirdiyi fikirlər ağ yalandır”
Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında Borrelin məlum təşəbbüsünə bir neçə aspektdən yanaşdı: “Avropa İttifaqı missiyasının Ermənistana gəlməsi regiondakı proseslərə təsir edir. Bəzi məlumatlara görə, Aİ missiyası üzvlərinin sayı 200 nəfərdir. Onların içində Fransa jandarmeriyasının keçmiş əməkdaşları üstünlük təşkil edir. Ötən ildən başlayaraq Azərbaycanın razılığı olmadan birtərəfli qaydada onları sərhəddə yerləşdirdilər. Buna nəinki Azərbaycan, Rusiya da etiraz etdi. Dəfələrlə Rusiya xarici işlər naziri Sergey Lavrov və digər ölkə rəsmiləri bəyan etdilər ki, Azərbaycanın razılığı olmadan Aİ missiyası sərhəddə yerləşdirilib. Məsələnin mahiyyəti həm də ondan ibarətdir ki, Ermənistan sərhədlərini Rusiya qoruduğu halda, bu məsələ Moskva ilə razılaşdırılmadı. Ermənistanın birtərəfli addım atmasında Fransanın xüsusi rolu oldu. Yoxsa Ermənistan buna cəsarət etməzdi. Məqsəd həm də Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır. Gör vəziyyət nə yerə çatıb ki, Fransa Ermənistanı silahlandırır. Bu isə onu göstərir ki, Fransa regionda sabitliyin bərqərar olmasında maraqlı deyil. Bütün bunların fonunda güman edirəm ki, Borrelin Avroittifaq mülki missiyasının Laçın yoluna yerləşdirilməsi təşəbbüsünə Azərbaycanın müvafiq qurumları baxacaq. Hesab edirəm ki, Aİ missiyasının Laçın yolunda yerləşdirilməsi bizim ziyanımıza deyil. Əksinə, ermənilərin ziyanına olacaq. Çünki biz həmin sərhəd-nəzarət buraxılış məntəqəsindən Ermənistandan gələn və əks istiqamətdə gedən ermənilərin oradan keçidini təmin edirik. Bununla yanaşı, biz Laçın yolundan silah-sursatın daşınmasının qarşısını almışıq. Bu nöqteyi-nəzərdən sərhəd-nəzarət buraxılış məntəqəsində Aİ missiyası əməkdaşlarının olması bizə mane olmur. Əksinə, biz bundan siyasi baxımdan qazanacağıq. Yəni bütün dünya görəcək ki, blokada ilə bağlı ermənilərin səsləndirdiyi fikirlər ağ yalandır”.
Vidadi ORDAHALLI