23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər. Belə deyək, iranlılar üçün sadə viza prosedurları Azərbaycanın ziyanına işləyirdi...
Ekspertlər hesab edir ki, Azərbaycan dövləti düzgün edir və bu çoxdan lazım idi. Molla rejiminin bu sadə prosedurdan sui-istifadə etdiyini deyən ekspertlərə görə, bu da Azərbaycanın xeyrinə deyildi. İran vətəndaşları üçün uzun müddət mövcud olan bu prosedurun bəlli vaxtdan sonra dayandırılması əslində gözlənilən idi deyən ekspertlər hesab edir ki, molla rejimi öz ziyanlı fəaliyyəti ilə bunun gerçəkləşməsinə şərait yetişdirdi.
“Viza ilə bağlı tətbiq olunan sanksiya İran vətəndaşlarından daha çox İran hakimiyyətinədir”
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində “İran vətəndaşlarına Azərbaycan beynəlxalq hava limanında viza verilməsinin dayandırılması ilk növbədə Tehran rejiminin öz vətəndaşlarına münasibətinin nəticəsidir. Çünki istənilən hakimiyyətin yürütdüyü siyasət birinci növbədə dövlətin və vətəndaşların təhlükəsizliyi, onların firavan yaşaması üçündür. İran hakimiyyətinin yürütdüyü siyasət isə daha çox rejimin müdafiəsinə yönəlib, nəinki İran vətəndaşlarının rifah halının yüksəlməsinə, onların təhlükəsizliyinin təmin olunmasına. Tehran hakimiyyətinin yürütdüyü o yarıtmaz siyasət İran vətəndaşlarına inamı, etibarı azaldır. O baxımdan, viza ilə bağlı tətbiq olunan sanksiya İran vətəndaşlarından daha çox İran hakimiyyətinədir”-deyə bildirdi.
S.Soltanın sözlərinə görə, bu, İran hakimiyyətinin Azərbaycanla diplomatik münasibətlərinin səviyyəsinin göstəricisidir. Onun sözlərinə görə, Tehran rejiminin qonşu olmayan müsəlman ölkələrlə münasibəti normallaşdırmaq adı altında fəaliyyət göstərdiyi ikiüzlü siyasətin törəməsidir.
İradə SARIYEVA