Erməni mediası baş nazirin müavini Miger Qriqoryanın ofisinə istinadən xəbər yayıb ki, Qriqoryan Şahin Mustafayevə sərhədlərin delimitasiya komissiyalarının iclasını keçirməyi təklif edib. Xəbər mənbəyi onu da əlavə edib ki, bu təklifi verməkdə məqsəd həm də son günlər sərhədlərdə yaranmış cari vəziyyəti müzakirə etməkdir... Bəli...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Xoruzun quyruğu görünür... Sərhədlərin delimitasiyası üzrə komissiyalar hara, sərhədlərdə indiki gərginliyin müzakirəsi hara... Sərhədlərdəki indiki gərginliyi müzakirə etməli orqanlar, şəxslər tam başqadır və bunların delimitasiya komissiyalarının görüşünə heç bir dəxli yoxdur...
İkinci, delimitasiya komissiyalarının görüşünün keçirilməsi barədə təklifin dəqiq olaraq kim tərəfindən verildiyi və Azərbaycanın bununla bağlı mövqeyi hələ məlum olmadığı üçün Qriqoryanın bu məlumatı sadəcə blef xatirinə yaydığını istisna etməyək. Az olub ki, Ermənistan rəhbərləri özlərini konstruktiv göstərmək üçün yalanlara əl atıblar. Məsələn, müharibədən sonra sülh və hətta saziş mətni barədə ilk təklifi Azərbaycan Prezidenti irəli sürdüyü halda, Ermənistan rəhbəri "biz saziş mətnini onlara təqdim etmişik və cavab gözləyirik" kimi bleflər ediblər... Bu da onların biri...
Üçüncü, yəqin ki, Qriqoryanın yaydığı məlumatla bağlı Azərbaycan XİN-in, ya Şahin Mustafayevin özünün hansısa açıqlaması olacaq və fikrimcə mütləq olmalıdır. Çünki bu, xırda məsələ deyil və situasiya da sadə deyil. Qriqoryanın ofisi indiki halda bu məlumatı təsadüfən yaymayıb və fikrimcə, bu məlumat erməni informasiya təxribatının növbəti təzahürüdür. Nəyə görə?
Əvvəla, delimitasiya komissiyalarının görüşünü keçirmək erməni tərəfinin niyə məhz indi yadına düşüb? Elə bir vaxtda ki, Ermənistan sərhəd və təmas xətlərində, Laçın yolunda iyunun 15-dən başlayaraq intensiv təxribatlar törədir.
İkinci, Qriqoryan həqiqətən sərhədlərin delimitasiyasını istəyirsə, bunu müzakirə etmək olar. Ancaq sərhədlərdə indiki gərginliyi delimitasiya komissiyalarının işinə qarışdırmaq qətiyyən olmaz və ermənilər məhz bunu hədəfləyiblər.
Deməli, Qriqoryan oyun oynamaqda davam edir, oyunu bütün erməni komandası oynayır. Belə ki, Ermənistan bir tərəfdən sərhədlərdə sabitliyi pozur, Şuşaya, Naxçıvana, Zəngilana və digər ərazilərimizə hücum edir, KPP-ni vurur, digər tərəfdən də sərhədlərdəki bu gərginliyin müzakirəsini ortaya atmaqla dünyada rəy yaratmaq istəyir ki, bizim hazırkı gərginlikdə məsuliyyətimiz yoxdur, hər şeyi edən Azərbaycandır və necə ola bilər ki, biz həm gərginlik yaradaq, həm də bu gərginliyi aradan qaldırmaq üçün müzakirə təşəbbüskarı rolunda çıxış edək?!..
Təbii ki, Azərbaycan Qriqoryanın və bütün erməni bandasının toruna düşməz, çünki hər şey göz qabağındadır...
Ancaq hər halda delimitasiya və sərhədlərdəki indiki gərginliyin eyni blokda müzakirəsinə cəhd edən ermənilərin bu cəhdlərinin məkrli, pozucu niyyət olduğu barədə Azərbaycan rəsmilərinin ayrıca bəyanatına ehtiyac var. Yəqin ki, olacaq...
Tahir TAĞIYEV