Rusiya mətbuatı birmənalı olaraq daim Azərbaycan əleyhinə kampaniya aparır. Bu ölkənin “EurAsia Daily” saytı 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən Laçın dövlət sərhədinin gülləyə tutulması faktını tamamilə təhrif edib. Ermənistanın gerçək təxribatına göz yuman və Azərbaycanı şərləyən rus mediası Laçın “KPP”-də baş verənləri tamamilə təhrif edir və yalandan yazır ki, guya Azərbaycan hərbçiləri Ermənistan ərazisinə keçib orada Azərbaycanın Bayrağını qaldırmaq istəyirmişlər, ona görə sözügedən hadisə baş verib (?). Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) yaydığı “informasiyaya istinad” edən media iddia edib ki, guya “Ermənistan hərbçiləri Azərbaycan sərhədçilərinin Ermənistan ərazisində Azərbaycan Bayrağı qaldırmaq cəhdinin qarşısını alıblar”. Əslində isə məsələ belə deyil. Görüntülərdə aşkar görsənir ki, bizim öz ərazimizdə “KPP”-nin böyüründə bayrağımızı qaldırmaq istəyən əsgərlərimizə hücum olunub, ermənilər güllə atıblar və oradakı əsgərlərimizin hamısı qorunmaq üçün yerə yatıb. Amma Rusiya mediası obyektiv mövqe sərgiləməyi unudur və yenə də ermənipərəst mövqe tutur.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə tvitterdə "Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan rəsmiləri guya Azərbaycan Bayrağının Ermənistan ərazisində qaldırılması ilə bağlı əsassız iddia ilə çıxış edirlər"- yazıb.
O xatırladıb ki, Azərbaycanın öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan Bayrağı ucaldılıb: "Bu zaman Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb".
“Erməni yalan maşınının vintciyi və oyuncağı rolunda çıxış etmək Rusiyadakı bəzi media qurumları üçün artıq həyat normasına çevrilib”
Rusiya mediasının təhrif siyasətinə şərh verən politoloq Tural İsmayılov baki-xeber.com-a “Təəssüflər olsun ki, Rusiya mediasında erməni diasporunun çirkli pullarının əsirinə çevrilən adamlar hələ də meydan sulamaqla məşğuldurlar. Onlar dezinformasiya yaymaqla məşğul olurlar. Gerçəyi görmək istəməyib daim erməni yalanlarının alətinə çevrilmək, erməni yalan maşınının vintciyi və oyuncağı rolunda çıxış etmək Rusiyadakı bəzi media qurumları üçün artıq həyat normasına çevrilib. Əlbəttə ki, bu tip davranışlar ciddi formada Rusiyanın özü üçün neqativ tendensiyalar formalaşdırır. Təəssüflər olsun ki, Azərbaycanın həqiqətlərini görməyən, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra Azərbaycana qarşı çirkin şantajların və hücumların mənbəyinə çevrilən Rusiya mediası bizi əsla təəccübləndirmir. Biz bir çox hallarda rus mediasının bu davranışlarını çox müşahidə etmişik. Ona görə də indi bu prosesi görürek” - deyə qeyd etdi.
T.İsmayılov hesab edir ki, Azərbaycana qarşı Rusiyada erməni pulları və dəstəyi ilə informasiya hücumları həyata keçirmək adi bir haldır. T.İsmayılovun sözlərinə görə, Azərbaycan öz həqiqətlərini Rusiyanın və dünyanın iri media holdinqlərinin ölkəmizə qarşı tutduğu şərləmə mövqeyinə baxmayaraq israrla yayır, bu prosesə davam edir. Onun fikrincə, bu cür media hücumları ilə Azərbaycanı öz haqq işindən döndərmək əsla mümkün deyil.
İradə SARIYEVA