Fransanın həyasızcasına açıq formada Ermənistanın yanında yer alması davam edir. Bu ölkənin xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində “Ermənistanla Azərbaycan arasında münasibətlər və Dağlıq Qarabağdakı vəziyyət və Laçın dəhlizi” mövzusunda müzakirələr zamanı deyib ki, biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq:
“Laçın dəhlizinin blokadası qanunsuzdur və bununla bağlı Beynəlxalq Məhkəmə belə bir hökm çıxarıb. Heç bir ölkə Ermənistanın ədalətli sülh əldə etməsi üçün Fransa qədər səy göstərmir. Biz qonşusu (Azərbaycan) ilə ədalətli sülh əldə etmək üçün Ermənistanın yanındayıq. Heç bir ölkə iki ölkəyə bu məsələdə bizim qədər dəstək vermir. Biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq, bunu prezident Emmanuel Makronun göstərdiyi səylər sübut edir”.
Gərginliyin azaldılması vasitəsi kimi Kolonna Ermənistanda fəaliyyət göstərən Aİ missiyasını qeyd edib ki, bu missiya, əsasən, Fransanın səyləri ilə yaradılıb və “deeskalasiya üçün çox əlverişlidir”.
“Fransa Cənubi Qafqazda sülh proseslərinin normallaşmasında ən böyük təhdidlərdən biri rolunda çıxış edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Fransa bununla imperialist siyasətdən əl çəkə bilmir: “Azərbaycan dövləti Ermənistanla qarşıdurma istəsə idi, sülh danışlqlarında israrlı olmazdı. Fransa münaqişənin əvvəlindən Ermənistanın yanında olub, indi də belədir. Bu artıq Azərbaycan üçün adi haldır və rəsmi şəxslərin dilindən səsləndirilən ifadələrin bizim üçün heç bir praktik əhəmiyyəti yoxdur. Bununla Fransa uzun illər işğalçının yanında olmaqla öz tərəfsizliyini və söz demək haqqını itirib. İndi onların rəsmilərinin çıxışları Azərbaycan üçün söz yığımından başqa bir şey deyil. Fransa Cənubi Qafqazda sülh proseslərinin normallaşmasında ən böyük təhdidlərdən biri rolunda çıxış edir. Məlumdur ki, Fransada erməni lobbisi güclü təbliğatla məşğuldur, hətta Makronun bu gün prezident kürsüsündə oturmasının birbaşa təşkilatçılarıdır. Makron ona etimad göstərən ermənilərə "vəfa" borcunu yerinə yetirməyə çalışır”.
Politoloq onu da əlavə etdi ki, Fransa həm işğal dövründə, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrdə, həm 44 günlük Vətən müharibə dövründə, eləcə də ondan sonra Ermənistan ordusuna Azərbaycanın əsgərinə və vətəndaşlarına tuşlaması üçün silahların verilməsində iştirak edib: “Bu haqda danışarkən daha çox Ermənistanın Rusiyadan və İrandan silahlar alması barədə məlumatlar yayıldı. Amma bu silahların sırasında Fransanın da payının olması reallıq idi. 44 günlük müharibədən sonra iki mərhələ üzrə, yəni 2021-ci ildən başlayaraq Fransa ilə birlikdə Ermənistanın müdafiə potensialının genişləndirilməsi üzrə İşçi Qrup səviyyəsində strategiya işlənib hazırlandı. Bu strategiyanın həyata keçirilməsi isə 2023-cü ilin aprel ayında Fransanın xarici işlər naziri Katrin Kalonnanın Ermənistana səfərindən sonra baş verdi. Görünür ki, Fransa öz öhdəliklərini yerinə yetirmək istəmir, tam olaraq imperialist siyasətdən əl çəkə bilmir”.
Vidadi ORDAHALLI