Ermənistanın baş naziri Nikol Paşinyan öz dövlət gerblərini sərt təbqid edib:
“Bu gerb Ağrı dağında Nuhun gəmisini təsvir edir. Bəs 1991-ci ildə qəbul etdiyimiz gerbin 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Nuhun gəmisi Ağrı dağında yerləşir və indiki Ermənistanın ərazisi su altında qalıb. Üstəlik, burada Ermənistanda uzun müddət təbii şəraitdə yaşamayan şir təsvir olunub. Söhbət hər birimizdə mövcud olan bir dualizmdən gedir: “tarixi Ermənistan” və real Ermənistan. Əsl Ermənistan tarixi Ermənistana xidmət etməlidir, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana? Bu, cavab verməli olduğumuz siyasi və əbədi sualdır. İstəsək, bu məsələni münaqişəsiz həll edə bilərik, çünki “tarixi Ermənistan”ın 12 “paytaxtından” 6-sı Ermənistan Respublikasının ərazisində yerləşir. Bəs sonuncu dəfə bu “paytaxtlarda” nə vaxt olmusunuz? Onlar hansı vəziyyətdə idilər? Ənənələr və dəyərlər haqqında çox danışın. Bu gün tarixi rəmzlərimiz xarabalıqdadır. Gerbimiz gələcək haqqında nə deyir? Qeqam Manukyan (“Ermənistan” blokundan deputat) deyir ki, bu bizim kadastr kağızımızdır. Əgər onu kadastr kağızı kimi qəbul etsək, bununla ətrafımıza “bizi məhv edin” demiş olarıq”.
Belə nəticə çıxarmaq olar ki, Paşinyan başqa ölkələrə ərazi iddiasını əks etdirən dövlət gerbini də dəyişmək istəyir?
Siyasi şərhçi Əhəd Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan konstitusiyasında Türkiyənin 6 vilayətinə, yəni Şərqi Anadoluya ərazi iddiası var: “Onların dililə desək, Qərb dünyasının, Rusiyanın qəbul etdiyi “Ararat” da Türkiyənin ərazisidir. BMT tərəfindən qəbul olunan, BMT - nin üzvü olan ölkə öz konstitusiyasından və gerbindən rəsmən digər BMT üzvünə ərazi iddiasında bulunur. Mən hələ digər BMT üzvünün bizə yaxın ərazinin 20 faizini işğal altında saxlamasını demirəm. Təbii ki, Türkiyə də, Azərbaycan da bu məsələlərin üstünə getməlidir. Tələb qoymalıdır ki, gerbindən Ağrı dağı şəkli, rəsmi olaraq Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları götürülsün. Nemezis abidəsi də götürülməlidir. Hansı ki, türkiyəli diplomatlar və azərbaycanlı siyasilərin öldürülməsi ilə nəticələnən terror aksiyası abidəsi hesab olunur və İrəvanda ucaldılıb. Düzdür, Paşinyan bunun ona aid olmadığını deyir. Amma istənilən halda bu məsələdə Türkiyə və Azərbaycan dünya ictimaiyyətinin qarşısına vəzifə qoymalıdır ki, Ermənistan konkret bu əməllərindən, iddialarından rəsmi olaraq əl çəkməlidir. Görünür, Paşinyan da bunu anlayır və Ermənistanı indiki şəraitdə dövlət olaraq qoruyub saxlamağa çalışır. Paşinyan bilir ki, Ermənistan üçün bu düşmənçiliyin sonu yoxdur. Ona görə də, artıq erməni cəmiyyətini, ictimaiyyətini bu məsələlərə hazırlaşdırır. Amma Ermənistanda çox güclü bir millətçi, şovinist hissə var. Çox güclü erməni diasporası var ki, Ermənistanın daxilində bu şovinistliyi müəyyənləşdirir. Ona görə də, Paşinyan üçün bu heç də asan olmayacaq. Amma Azərbaycan və Türkiyə öz addımlarında qəti olsa, bu məsələlərdə istədiyimiz nəticələri əldə edə bilərik”.
Məhəmmədəli QƏRİBLİ