Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borreldən gözlənilməz məntiqsiz yanaşma. Borrel Avropa Parlamentində keçirilən dinləmələr zamanı deyib ki, Azərbaycanın nəzarət-buraxılış məntəqəsi quraşdırması etimadın yaradılması səylərinə ziddir.
J.Borrel bununla bağlı öz arqumentlərini əsaslandıra bilməyib və məntiqsiz iddialarla çıxış edib: “Dəhliz özü missiyanın yurisdiksiyasından və onların məsuliyyət zonasından kənardadır. İndi biz bu xüsusi problemin həllini tapmağa çalışırıq. Bakının Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırması iki tərəf arasında etimadın yaradılması səylərinə ziddir. Azərbaycanın bu keçid məntəqəsinin yaradılması ilə bağlı birtərəfli qərarı tərəflər arasında etimadın yaradılması səylərinə tamamilə ziddir ”.
Borrel onu da qeyd edib ki, Qarabağda Rusiya sülhməramlılarının olması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi baxımından əlavə çətinlik kimi qiymətləndirilməməlidir.
“Heç bir əsas olmadan separatçıları qorumağa çalışır”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, Borrel çox böyük yanlışlığa yol verir: “Borrel hansı etimaddan danışır? Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqədi qurub. Bunun nəyi qəbahətdir axı? İki ildən çox sərhəddə nəzarət-buraxılış məntəqəsi yox idi. Ermənilər konstruktiv mövqe tutsaydılar bu dövrdə tutardılar da. Onlar Laçın yolu ilə Xankəndiyə silah-sursat daşıdılar. Bir dəfə Avropa Şurası buna etiraz etmədi. O cümlədən, Avropa Parlamenti Ermənistana etiraz etmədi ki, Qarabağa silah niyə daşıyırsınız. İndi hamı bir ovuc separatçıya qahmar çıxmağa çalışır. Avropa İttifaqı özünə rəva görmədiyini Azərbaycana sırımağa çalışır. Halbuki, Avropada da bir sıra separatçı mərkəzlər var. Bəzi Avropa ölkələri də potensial separatçı ocaqlara malikdilər. Təəssüf doğuran məqam odur ki, Azərbaycan Avropanın enerji maraqlarını təmin etdiyi halda, Borrel məsulyətsizcə ölkəmizi günahlandırır. Heç bir əsas olmadan separatçıları qorumağa çalışır. Bütün bunlar onu göstərir ki, Azərbaycana münasibətdə ikili standartlar var. İkili standartlar səbəbindən ölkəmizə qarşı belə haqsızlıqlar edilir. Ona görə də buna qarşı mübarizəmizi gücləndirməliyik”.
Vidadi ORDAHALLI