Türkiyə Azərbaycanla Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə qərarlıdır. Bu barədə Türkiyə prezidenti Racəb Tayyip Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Ərdoğan, həmçinin, Türkiyənin Şuşada baş konsulluq açmağa hazır olduğunu bildirib:
"Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla, bütün dünyaya ayrı bir mesaj olacaq".
Bəllidir ki, bir müddət əvvəl İran və Rusiya Ermənistanın Gorus şəhərində konsulluq açmaq qərarı verib.
Türkiyənin Şuşada konsulluq açmaq istəyi qonşu ölkələrin Gorusda konsulluq açmaq addımına balans gedişi sayıla bilərmi?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər bir ölkə digər yerlərdə o zaman konsulluq açır ki, həmin şəhər bu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan yer olsun: “Yaxud iqtisadi imkanları ilə ölkənin həyatına ciddi təsir edən şəhər, vilayət olsun. Bir bu səbəblərdən konsulluq açırlar, bir də konsulluq açan ölkənin həmin şəhərdə, əyalətdə maraqları çox olur. Məsələn, Azərbaycanın Qarsda olan konsulluğunu götürək. Qars Türkiyənin ictimai-siyasi həyatında İzmirlə, Antalya ilə müqayisədə elə də böyük rol oynamasa da, Azərbaycanla bağlılığı daha çoxdur. Həm ərazi baxımından Azərbaycana yaxındır, həm də azərbaycanlılar həmin bölgədə kompakt yaşayır. Türkiyənin və İranın Naxçıvanda konsulluqlarının olması hər iki ölkə ilə Naxçıvanın qonşuluğu ilə bağlıdır. Konsulluqlar əsasən nədir? Konsulluq açan ölkə ilə açılan ölkə arasında dostluğu inkişaf etdirmək, siyasi, mədəni, təhsil, idman, turizm əlaqələrinin inkişafına təsir etmək məqsədi güdülür. Yaxud, orda olan xarici ölkə vətəndaşlarının viza məsələlərinin həll olunması, öz vətəndaşlarının problemləri ilə dərindən maraqlanmaq üçündür. Şuşada konsulluğun açılması bunların heç biri ilə uyğun gəlmir. Şuşa Azərbaycanın ictimai-siyasi həyatında hələ ki, mühüm rol oynamır, nə də bu gün Şuşada böyük nisbətdə əhali var. Şuşada konsulluğun açılmasında daha çox siyasi maraqlar var. Türkiyə dövlətinin Azərbaycan dövlətinə siyasi dəstəyini, maraqlarının üst-üstə düşməsini ifadə edir bu konsulluğun açılması. Yaxud, qonşu ölkələrə bir mesajdır ki, biz Şuşanı Azərbaycanın əsas ayrılmaz, ictimai-siyasi həyatında mühüm rol oynayacaq bölgəsi kimi tanıyırıq. Bu baxımdan Şuşada konsulluğun açılması çox gözəldir və bizim üçün də, Türkiyə üçün də önəmlidir. Qaldı ki, Gorusda İranın və Rusiyanın konsulluğunun açılmasına, onlar da həmin məsələlərə xidmət edir. Gorus Ermənistanın ictimai-siyasi həyatında o qədər mühüm rol oynayan bir yer deyil. İranın Gorusda konsulluğu açılanda da biz açıqlama verdik ki, yalnız siyasi maraqlara, dəstəyə xidmət edir. İran Gorusda konsulluq açarkən yarımçıq binada, tələsik açdı. Bu, ictimai-siyasi rolundan çox, qonşu ölkələrə, o cümlədən Azərbaycana bir mesaj xarakteri daşıyan hərəkət idi. Təbii ki, digər türk dövlətlərinin də Şuşada konsulluq açması çox gözəl olardı”.
Məhəmmədəli QƏRİBLİ