Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.
Ölkə başçısının sözlərinə görə, bölgənin inkişafı, sabitliyi və güvənliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi faktoru çox önəmlidir: “Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”.
Ümumən, bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirir? Qlobal təhdidlərin artdığı bir dövrdə iki ölkənin xarici siyasətdə vahid mövqedən çıxış etməsinin nə kimi faydaları olacaq?
“Bir sıra məsələlər baxımından Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk respublikalarına da bir örnək olacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Prezident İlham Əliyevlə Türkiyə prezidenti Ərdoğanın birgə mətbuat konfransında bir sıra çox strateji məsələlərə toxunuldu. Həm Ərdoğan tərəfindən, həm də Əliyev tərəfindən çox vacib məqamlar qeyd olundu. Bunlardan biri də iki ölkənin xarici siyasətdə vahid mövqedən çıxış etməsi ilə bağlı razılaşmanın əldə olunmasıdır. Hesab edirəm ki, bu çox əhəmiyyətli məqamdır. Çünki həm Azərbaycanın iqtisadi, geopolitik vəziyyəti zəif olanda, həm Türkiyənin problemləri olanda iki ölkəni istəməyən bədxah qüvvələr bundan istifadə edirdilər. Ölkələrimizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışırdılar. Ancaq dövr-zaman keçib. İndi həm Azərbaycan, həm də Türkiyə özü ayaq üstə durur. Hər iki dövlətin nəinki bölgədə, dünyada rolu artır. Ona görə də müəyyən məsələlər var ki, orada vahid mövqedən çıxış etmək vacib şərtdir. Xarici siyasətdə vahid mövqedən çıxış etmək vahid güc deməkdir. Bu da çox önəmli faktordur. O mənada ki, xarici təhdidlərin neytrallaşdırılması baxımından bunun əhəmiyyəti böyükdür. Eyni zamanda, zaman keçdikcə iki ölkənin hərbi qüvvələri də vahid mövqedən çıxış edəcəklər. Bu da, təbii ki, Azərbaycan və Türkiyəni istəməyən qüvvələri narahat edəcək. Ona görə də iki ölkə arasında inteqrasiyanın daha da dərinləşəcəyi gözlənilir. Bununla belə, türk dünyasının vahid arealda birləşməsi üçün, Türk Dövlətləri Təşkilatının inkişafı üçün Azərbaycan-Türkiyə əməkdaşlığı digər türk respublikalarına da bir örnək olacaq. Ona görə də bu sahədə həm Özbəkistanın, həm də Qazaxıstan, Qırğszıstan və Türkmənistanın bu birliyə inteqrasiya olunacağını gözləyirəm. Bütün bunların nəticəsində gələcəkdə bizim mövqeyimiz daha da güclü olacaq”.
Vidadi ORDAHALLI