İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib:
"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
Ermənilər Naxçıvan istiqamətində atəşkəsi nadir hallarda pozur. Bu dəfə ermənilər Ərdoğan Bakıda olanda Naxçıvan istiqamətində atəşkəsi pozublar. Özü də bunu Azərbaycan - Ermənistan sərhədi olan Sədərəkdə etdilər. Bu təsadüfdür, yoxsa hansısa mesaj xarakteri daşıyır?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın hər zaman yüksək səviyyəli görüşlərini keçirəcəyi bir vaxtda atəşkəsin pozulması şərti sərhəddə, Qarabağda təmas vəziyyətində olan bölgələrdə gərginliyin artırılmasına səbəb ola bilir: “Ermənilər hər zaman bundan istifadə edirlər. Xüsusən də Azərbaycan və Türkiyə prezidentlərinin son görüşlərində gələcəyə, bizim müttəfiqliyimizə, Zəngəzur dəhlizinə dair böyük və konkret yol xəritəsi müəyyən olundu. Ermənistana da bunun içərisindən mesajlar verildi. Ermənistan siyasi hakimiyyəyi bunun aqressivliyini yaşayır. Bu da, təbii ki, şərti sərhəddə, Ermənistanla Naxçıvan arasında, xüsusən Sədərək bölgəsində olan bölmələrimizdə atəşkəsin pozulmasına gətirib çıxardı. Sonra da Qarabağda həyata keçirirlər. Baxır hansı ərazidə, hansı zamanda, hansı siyasi strukturda bunu edirlər. Sual olunur: niyə məhz Naxçıvanda? Naxçıvanla 800 metr məsafədə, Sədərək kəndinə yaxın bir ərazidə ABŞ-ın metal-konstruksiya kompaniyası ilə metaləritmə zavodu tikilir. 600 hektara yaxın ərazidə bir zavod olacaq. Təbii ki, Ermənistan sırf bu zavodun inşası məqamlarında çalışacaq ki, Naxçıvan üzərindən atəşkəsin pozulması nəticəsində Azərbaycan da ona adekvat cavab vermiş olsun. Bunu da zavodun tikilməməsi üzərinə ssenariləşdirib ABŞ-la Azərbaycanın siyasi münasibətlərini kəskin bir vəziyyətə gətirmək üçün edir və ona uyğun da planları, yol xəritələri var. Onlar demonstrativ şəkildə bunu bizə göstərərək, atəşkəsi pozaraq qarşı tərəfin atəşləri nəticəsində həmin ərazilərdə olan bölmələri də atəş altına alırlar. Azərbaycan atəşkəsin pozulmasını heç vaxt görməzdən gəlmir. Ona görə də, düşünürəm ki, planların bir hissəsi Naxçıvan ərazisinə yönəlib. Bir hissəsi də Zəngəzur karidorunun taleyinə. Türkiyə prezidentinin İğdırın üzərindən Naxçıvanla gələcək kommunikasiya əlaqələrinin olacağına, xüsusən də İğdırdan Türkiyəyə qaz xəttinin çəkilməsinə yönəlik mesajlar verməsi də diqqətimizdən qaçmır. Bunların hamısının üzərindən təhlükə kimi bir görüntü yaradırlar. Gələcəkdə mümkün ola biləcək Türkiyə-Azərbaycan iqtisadi, hərbi əlaqələrinin qarşılığı olaraq, Ermənistan da özünü ortaya bir fəlaliyyət qoymuş kimi göstərəcək. Bu, vəziyyəti dəyişərmi? Düşünürəm ki, Ermənistan bundan sonra nə qədər siyasi hiyləgərliyindən istifadə etsə də, Azərbaycana və Türkiyəyə qarşı təhdid, təhlükəyə yönəlik heç bir fəaliyyəti nəticə verməyəcək. Ermənistanın buna gücü də yoxdur. Nə qədər ki sülh sazişi olmayacaq, atəşkəsin şərti sərhəddə pozulması xəbərləri daima gələcək. Siyasi görüşlər ərəfəsində Azərbaycan tərəfini təhrik edəcəklər, Azərbaycan da onlara cavab vermək məcburiyyətində qalacaq. Beynəlxalq səviyyədə dövlət başçılarının görüşlərində bundan istifadə edəcəklər. Ermənilərin konkret məqsədi sülh sazişinin imzalanmamasıdır. Fərqli - fərqli adlarla bunu həyata keçirmək istəyirlər. Amma düşünürəm ki, bu addımları heç bir nəticə verməyəcək”.
Məhəmmədəli QƏRİBLİ