Ermənistan Naxçıvanın Arazdəyən məntəqəsində özlərinin törətdiyi hərbi təxribatı ört-basdır etmək üçün nadürüst siyasətlərinə uyğun ideya sxemi qurublar.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Təxribatı Azərbaycan ordusunun təxribatı kimi qələmə vermək üçün iddia edirlər ki, guya Azərbaycan belə hücumlarla Ermənistana axan xarici investorları qorxudub qaçırmaq istəyir, Azərbaycanın bu həmləsinin hədəfi guya Arazdəyəndə (ermənilər Erasx deyir) Amerika kapitalı ilə tikintisi başlanmış 180 min tonluq gücündə metal emalı zavodudur. Hətta guya Azərbaycanın zərbələri ilə tikintidə işləyən iki əcnəbi işçinin yaralandığı da iddia olunur…
Əvvəla, Azərbaycan çox əsaslı olaraq Naxçıvanın ekologiyası və insanların həyatı üçün təhlükəli zavodun həmin ərazidə tikintisinin əleyhinədir, bunu rəsmən bəyan edib, mövqeyini xüsusi BMT konvensiyası ilə əsaslandırıb və tikintinin dayandırılmasına nail olmaq üçün gərəkli siyasi, diplomatik, hüquqi addımları atacaq.
İkinci, ABŞ-ı transsərhəd ərazidə təhlükəli zavod tikintisini maliyyələşdirməkdən çəkindirmək üçün Azərbaycan ərazini atəşə tutmaq yox, bu dövlətin hakimiyyət orqanları qarşısında müvafiq diplomatik demarşları etmək yolunu tutardı, yəqin ki, belə də edəcək .
Üçüncü, xəsarət aldıqları iddia edilən iki nəfər əcnəbi işçiyə isə böyük ehtimalla ya ermənilər özləri xəsarət yetiriblər, ya da Azərbaycan ordusunun erməni təxribatlarına məcburi cavab reaksiyalarının nəticələri üçün də yenə ermənilər məsuliyyət daşıyır.
Ermənistanın qəsdlə mürəkkəbləşdirdiyi vəziyyətdə çox diqqət çəkən daha bir nüans beynəlxalq dairələrin reaksiyası ilə bağlıdır. Ermənistanın onları öz təbliğat sxemlərində alətə çevirmələrinə çoxmu dözüm göstəriləcək?...
Tahir TAĞIYEV