ABŞ Ermənistandakı vətəndaşlarını sərhədyanı ərazilərə səfər etməməyə çağırır.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın İrəvandakı səfirliyi öz əməkdaşlarına Ermənistan və Azərbaycan arasında davam edən münaqişə ilə əlaqədar sərhəd rayonlarına qeyri-vacib səfərləri qadağan edir. Səfirlik öz vətəndaşlarını Dağlıq Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməyə çağırır.
Maraqlıdır, niyə Azərbaycandakı deyil, məhz Ermənistandakı ABŞ vətəndaşlarına analoji məzmunda müraciət edilir?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı ABŞ səfirliyinin bu növ açıqlama yaymasını təsadüfi hesab etmək olmaz: “Belə ki, aprel ayının 23-də Azərbaycan Laçın yolunda NBM quraşdırdıqdan sonra belə Rusiya SMQ-nin birbaşa dəstəyi ilə yenidən bölgəyə qanunsuz silah daşıması davam edir. Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olraq Laçın və Kəlbəcər istiqamətində təxribat hadisələri törədilir. ABŞ çox gözəl analayır ki, Azərbaycan bu qisim hərəkətlərə göz yummayacaq və lazımi anda müvafiq tədbirləri icra edəcək. Bununla yanaşı, erməni KİV-də müvafiq hərbi birliklərin sərhəddə cəmləşməsi və eləcə də Xankəndi və digər ərazilərdə separatçıların təlim keçməsi haqqında məlumatlar öz əksini tapıb. Bu isə birbaşa olaraq Azərbaycana qarşı təhdid kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, ABŞ-ın Ermənistandakı səfirliyi ən çox heyəti olan səfirlikdir və tərkibində hərbçilər və xüsusi xidmət orqanlarının da personalı var. Ermənistan silahlı qüvvələrinin dislokasiya olunması və manevrləri məhz ABŞ səfirliyinin bu açıqlamanı verməsinə səbəb olub. Bundan əlavə, ötən gün (13 may-red.) Türkiyə Prezidentinın Azərbaycana rəsmi səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər də bölgədə marağı olan siyasi dairələri və regional gücləri hərəkətə gətirib. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın dövlət sərhədləri RF tərəfindən qorunur və Aİ-nın mülki missiyası da hazırda Ermənistanda fəaliyyət göstərir. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı razılığın əldə edildiyi bir zamanda sırhədlərə kimin nəzarət edəcəyi sualı fonunda ziddiyyətlərin ortaya çıxması məhz Ermənistan tərəfindən növbəti təxribatla nəticələnə bilər. Hər iki ölkə arasında sülh sazişi üzrə razılıqlar haqqında pozitiv fikirlərin səsləndirildiyi bir zamanda belə bəyanatların verilməsi olduqca maraqlıdır. Yaddan çıxarmaq olmaz ki, məhz ABŞ-ın moderatorluğu ilə Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında yaxınlaşma əldə edilib. İndiki zamanda bu yaxınlaşmanı özlərinin maraqlarına zidd hesab edən qüvvələr isə bu prosesin pozulmasında və yubanmasında olduqca maraqlıdırlar. Növbəti dəfə Ermənistan tərəfindən Azərbaycana qarşı istər sərhəddə, istərsə də bölgədə təxribat baş verəcəksə, bunun nəticələri Ermənistan dövləti və erməni cəmiyyəti üçün olduqca ağır olacaq”.
Məhəmmədəli QƏRİBLİ