Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda hadisələrin inkişafını diqqətlə izləyir. Trend çərşənbə günü xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
"Ardıcıl görüşlərin müsbət dinamikasını qoruyub saxlamaq və danışıqlar masası arxasında həm tərəflərə, həm də regiona fayda gətirəcək nəticələr əldə etmək lazımdır", - o özünün "Twitter" hesabında yazıb.
Xatırladaq ki, bu gün Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirliyin məlumatında deyilir.