Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki qardaş ölkə arasında dostluğun və münasibətlərin sarsılmaz olduğunu bir daha göstərir.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrinin daha da güclənməsinə imkan verir. İki dövlət arasındakı “bir millət, iki dövlət” prinsiplərinə əsaslanan münasibətlər hər sahədə gündən-günə inkişaf edir.
Yeni seçilən prezident kimi Ərdoğanın məhz Bakıya səfər etməsinin nə kimi strateji anlamı var?
Əli Mustafa: “Azərbaycanın hələ də ciddi risqləri var. Bundan qorunmağın yolları da Türkiyə ilə konfederasiyadır”
Demokratik Dəyişim Partiyasının (DDP) sədri Əli Mustafa “Bakı-Xəbər”ə bildirdi ki, bu, əslindəTürkiyədə bir siyasi adətdir: “Seçkilərdən sonra, bir qayda olaraq, Türkiyənin rəhbərləri Güney Kıbrıs Türk Cümhuriyyətinə və Azərbaycana səfər ediblər. Bu baxımdan bu bir protokol davranışdır. Amma digər tərəfdən, bu gün Azərbaycanın “Şuşa bəyannaməsi”nin ildönümüdür. Yəqin ki, bu səfərlərin ildönümə düşməsi təsadüfi deyil. Məqsəd bu ildönümünü qeyd etmək, xatirlatmaq da ola bilər. Başqa bir önəmli məsələ də var. Bu da ondan ibarətdir ki, Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsinə, strateji əməkdaşlığın içinin doldurulmasına ehtiyac var. Ümid edirəm ki, bu səfərlə bu istiqamətdə hansısa addımlar atılar. Azərbaycan-Türkiyə münasibətlərinin birmənalı olaraq inkişafı həm bizim üçün, həm də Türkiyə üçün çox faydalıdır. Hətta Azərbaycan və Türkiyə arasında konfederasiya sazişinin, müqaviləsinin imzalanmasına da ehtiyac var. Düzdür, Türk Dövlətləri Birliyi bir formada onu ifadə edir. Amma məncə o da yetərli deyil. Yəqin ki, daha ciddi əməkdaşlıq formatı tapılsa daha doğru olar. Düşünürəm ki, hərbi sahədə, xarici siyasətdə energetika məsələlərində, hətta iqtisadiyyatda Türkiyə-Azərbaycan münasibətlərinin çox ciddi, dərin yaxınlaşmasına ehtiyac var. Burada konfederasiyanın elan olunması və bu istiqamətdə müəyyən addımların atılması həm də Azərbaycanı gələcək təhlükələrdən qoruya bilər. Azərbaycanın hələ də ciddi risqləri var. Bundan qorunmağın yolları da Türkiyə ilə konfederasiyadır”.
Turab Rzayev: “Bunlardan biri Azərbaycanla hərbi əməkdaşlıqdır”
Plolitoloq Turab Rzayev bildirib ki, bu səfər daha çox protokol qaydasına uyğun həyata keçirilir:
“Belə ki, Türkiyə prezidentləri seçkidən sonra ya ilk, ya da ikinci səfərlərini Azərbaycana edirlər. Əslində nəzərə alsaq ki, Şimali Kipr Türk Cümhuriyyəti dünyada digər dövlətlər tərəfindən tanınmır, ilk rəsmi səfər Azərbaycana edilmiş olur. Bu da Azərbaycanın Türkiyə üçün önəmini vurğulayan bir məqamdır. Səfər protokol çərçivəsində olsa da, düşünürəm ki, burada bir sıra maraqlı məsələlər müzakirə olunacaq. Bunlardan biri Azərbaycanla hərbi əməkdaşlıqdır. Çünki Azərbaycan ordusunu hazırlamağa, keyfiyyətini yüksəltməyə, gücləndirməyə xüsusi önəm verir. Düşünürəm ki, Türkmənistandan Xəzər qaz xəttinin çəkilməsi, türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə göndərilməsi, Qazaxıstandan neft yüklərinin gətirilib Azərbaycan üzərindən daşınması, Zəngəzur dəhlizi, orta dəhlizin inkişaf etdirilməsi kimi istiqamətlərdə danışıqlar olacaq”.
Məhəmmədəli QƏRİBLİ