Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova yanğınsöndürənləri iyunun 12-dən 16-dək Gürcüstanda keçiriləcək meşə yanğınlarının söndürülməsinə həsr olunmuş genişmiqyaslı səhra təlimlərində iştirak edəcəklər. Bu barədə məlumatı erməni mediası yayıb.
Təlimlər meşə yanğınlarının söndürülməsi mövzusunda əvvəllər hazırlanmış ssenari üzrə keçiriləcək. Təlimlərin keçirilməsində məqsəd irimiqyaslı təbii fəlakətlər zamanı müvafiq idarələrlə əlaqələndirmə və əlaqə yaratmaqdır.
Təlim Aİ-nin Texniki Ekspertiza Proqramının himayəsi altında keçiriləcək.
Bu məlumatın doğru olub-olmaması ilə bağlı nəsə deyə bilmərik. Ancaq həqiqətən belə birgə təlimlər baş tutacaqsa, onda bəzi suallar yaranır: tarix boyu Azərbaycan ərazisində yanğınlar törədərək flora və faunamızı məhv edən ermənilərlə bu adda təlimdə birgə iştiraka dəyərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xəbərin hansı dərəcədə doğru olmasına tam əmin olmasa da, təlimlərin AB-nin texniki-ekspert dəstəyi altında keçirəcəyi proqram layihəsi çərçivəsində baş tutacağı xəbəri bunun heç də yalan olmamasına dair bir sübutdur:
“Əslində, təlimlərin keçirilməsinə sırf göstərilən istiqamətdən yanaşmaq doğru deyil. Mən deyərdim ki, bu təlimlər üç dövlət arasında layihələrin həyata keçirilə biləcəyinə hesablanmış siyasi mesajdır. Əlbəttə ki, regionda baş verən və onilliklərlə müddəti əhatə edən Azərbaycan-Ermənistan münaqişəsi zamanı məhz erməni tərəfin Azərbaycan ərazilərində törətdikləri çoxsaylı yanğınlar haqqında AB strukturlarında heç də xəbərsiz deyillər. Elə son münaqişə zamanı - 44 günlük müharibə ərzində ermənilərin geri çəkilərkən törətdikləri yanğınlar çox da uzaq zamanlarda baş verməyib. Bütün bunlar isə Qərb mətbuatında da geniş şəkildə işıqlandırılaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
Lakin qərar, çox güman ki, siyasi qərar olduğundan və bunun üç dövlət arasında hansısa yaxınlaşmağa cəhd edilməsinə səy yalnız alqışlana bilər. Hər halda, nədənsə başlanılmalıdır və yaxınlaşmaya doğru addımlar atılmalıdır.
Azərbaycan tərəfinin təlimlərdə iştirakına gəlincə isə, onu deyə bilərəm ki, ölkəmizin bu təlimlərdə iştirakı bizim hər hansı bir istiqamətdə digər dövlətlərlə təbii fəlakətlərin ram edilməsi istiqamətində əməkdaşlığa hazır olduğumuzun göstəricisi olardı. Bu həm də gələcəkdə digər istiqamətlərdə əməkdaşlıq etməyə imkan yaradardı.
Bəlkə də yanğınsöndürmə təlimlərinin birlikdə keçirilməsi illər boyu regionda baş alıb gedən müharibə alovunun söndürülməsində atılmış ilk addım kimi tarixə düşə bilər. Yaxşı olardı ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində də Ermənistan Azərbaycanla əməkdaşlıq etsin. Təəssüflər olsun ki, Ermənistan belə əməkdaşlıqdan yayınır. İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb.
İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür"
Məhəmmədəli QƏRİBLİ