“Qərbyönlü” siyasət yeritdiyi haqda görüntü yaradan “demokrat” Nikol Paşinyanın idarə etdiyi Ermənistanda son bir ildə Rusiya Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi 7 hərbi baza tikib. Yeni tikilən hərbi bazaların görüntülərini “Papirus” teleqram kanalı yayıb.
Diqqəti çəkən məqam bu bazaların, xüsusilə Azərbaycan sərhədinə yaxın ərazilərdə, Qərbi Zəngəzurda tikilməsidir. Qeyd edək ki, Rusiyaya tənqidləri ilə gündəmə gələn Paşinyan hakimiyyəti hazırda Rusiyaya qarşı sanksiyaların zərərsizləşdirilməsində müstəsna rol oynayır. Özü də bütün bu xidmətləri müqabilində milyardlar qazanır. Bu barədə, ABŞ başda olmaqla, Qərb ölkələri dəfələrlə açıqlama yaysa da, hələlik Ermənistana sanksiya tətbiq olunması gündəmə gətirilmir.
“Rusiyanın Qərbi Zəngəzurda yeni hərbi bazalar tikməsi Avropa İttifaqına cavab xarakteri daşıyır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Rusiyanın bazaları artırmaqda bir neçə məqsədi var: “Hələ 2021-ci ildə Qazaxın 7 kəndinin işğaldan azad edilməsi məsələsi gündəmə gələndə, Rusiyanın Yuxarı Əskipara kəndində ordu birləşmələrini yerləşdirməsi barədə məlumatlar yayılmağa başladı. Ermənilər həmin kəndi Voskepar adlandırır. Nəzərə alsaq ki, delimitasiya və demarkasiya işləri çərçivəsində anklav kəndlərimiz işğaldan azad ediləcək, o zaman Rusiyanın orada hərbi birləşmələrini yerləşdirilməsinə nə ehtiyac var? Deməli, Ermənistanın işğal altında olan həmin kəndləri geri qaytarmaq niyyəti yoxdur. Rusiya da bu məsələdə ermənilərin yanındadır. Digər tərəfdən, İcevandan Gürcüstana gedən dəmir yolu Əskiparadan keçir. Ermənistanın anklav kəndlərin qaytarılması məsələsində dirəniş göstərməsi həm də bununla bağlıdır. Rusiyanın Qərbi Zəngəzurda yeni hərbi bazalar tikməsi Avropa İttifaqına cavab xarakteri daşıyır. Məsələ ondadır ki, Avroittifaqın Ermənistan sərhədinə 2 illik monitorinq missiyası göndərməsi Moskvada ciddi narahatlıqla izlənilir. Kreml bunu Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması kimi dəyərləndirir. Çünki KTMT üzvi olan Ermənistanda Avropa İttifaqı missiyasının fəaliyyəti Rusiyanın maraqlarına birbaşa toxunur. Bunun əvəzində Rusiya sərhədə KTMT qüvvələrinin yeridilməsini təklif etsə də, Paşinyan hakimiyyəti bundan yayınır. Rusiya İrandan sonra Qafanda konsulluq açır, Qərbi Zəngəzurda hərbi fəaliyyətini genişləndirir. Bütün bunlar məhz Qərbə yönəlik demarşdır. O mənada ki, nə qədər çalışsanız da, Moskva Ermənistanı Qərbə güzəştə getməyəcək. Deməzdim ki, Rusiyanın bu fəallığı Zəngəzur dəhlizi ilə bağlıdır. Yəni Ermənistan xoşluqla bunu etməyəcəyi halda Azərbaycanın gücə əl atacağı barədə fikirlər var. Bu, daha çox, Rusiyanın indiki şəraitdə Qərbə güc göstərməsi anlamına gəlir. Çünki Ukrayna müharibəsinin uzanması Qərbdə belə bir təsəvvür yaradıb ki, Rusiya tezliklə Ermənistanı tərk edə bilər”.
Vidadi ORDAHALLI