Baş nazirin müavini Şahin Mustafayev deyib ki, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili məqsədilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Naxçıvana gedən yola nəzarəti Rusiya Federeal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirəcək.
Ancaq Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən yola Rusiya FTX sərhədçilərinin nəzarət edəcəyi ilə bağlı razılıq əldə olunmasını İrəvan təsdiqləmir. “Armenpress”in sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi bu məsələni təkzib edib və həyasızcasına razılaşmadakı həmin bəndi təhrif edib: “Üçtərəfli işçi qrupun müzakirələri zamanı, o cümlədən son görüşdə belə bir razılıq əldə olunmayıb. Ermənistanın mövqeyi belə idi və belə də qalır ki, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan yollar tərəflərin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq prinsipi əsasında fəaliyyət göstərir”.
“Ermənistan Zəngəzur dəhlizinə özü nəzarət edərsə, o zaman Qarabağa gələn ermənilər Laçın yolunda rüsum ödəməlidilər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, Ermənistanın belə pozuculuq mövqeyindən çıxış edəcəyi gözlənilən idi: “Çünki son aylar Ermənistan rəsmiləri davamlı olaraq razılaşmanın bu bəndini interpretasiya etməklə məşğuldular. Bütün bunlarda əsas məqsəd ondan ibarətdir ki, Zəngəzurdan keçən yol dəhliz statusuna malik olmasın. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə ölkənin ictimai televiziyasına müsahibəsində dedi ki, Azərbaycanla kommunikasiyalar açılacağı təqdirdə, bütün sərhəd xidməti yalnız Ermənistan sərhədçiləri tərəfindən həyata keçiriləcək. Üstəlik, Rusiya Baş nazirinin müavini Aleksey Overçuka yolun kim tərəfindən mühafizə ediləcəyi ilə bağlı konkretləşdirici sual verildi. Overçuk cavabında dedi ki, bu, Ermənistandan asılı olan məsələdir. Bütün bunlar onu göstərir ki, Ermənistan 10 noyabr razılaşmasının bəzi bəndlərindən imtina etməkdə qərarlıdır. Bu isə faktiki olaraq üçtərəfli razılaşmanın pozulması anlamına gəlir. Çox güman ki, xaricdə Ermənistanın belə mövqe sərgiləməsinin arxasında dayanan qüvvələr var. Yoxsa onlar belə mövqe ortaya qoymağa cəsarət etməzlər. Qəribədir ki, Rusiya Ermənistanın pozuculuq mövqeyindən çıxış etməsini təmkinlə izləyir. Halbuki, bu, Rusiyanın da mənafeyinə toxunur. Ermənistan Zəngəzur dəhlizinə özü nəzarət edərsə, o zaman Qarabağa gələn ermənilər Laçın yolunda rüsüm ödəməlidilər. Düzdür, aprelin 23-də Azərbaycan Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurub, amma oradan istifadə edən ermənilərə rüsum tətbiq olunmur. Hesab edirəm ki, Zəngəzur dəhlizində maneəsiz gediş-gəliş olmayacaqsa, o zaman gərəkən addımları atmalıyıq. Yalnız o halda Ermənistan bununla hesablaşmaq məcburiyyətində qalacaq. Yoxsa onlar cığallıq etməkdə davam edəcəklər”.
Vidadi ORDAHALLI