ABŞ Rusiyaya köməyinə görə Ermənistana xəbərdarlıq edib. ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru Cim O'Brayn bəyan edib ki, Ermənistan hərəkətləri ilə Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verən ölkələrdən biridir.
O'Brayn deyib ki, bu, Vaşinqtonun nöqteyi-nəzərindən çox ciddi problemdir: “Bu çox əsaslı problemdir və biz elə buna görə də Ermənistana səfərlər edirik. Bunun nəticəsində müəyyənləşdirə bilmişik ki, Rusiya bir sıra əsas elektron avadanlıqlar üzrə idxalı müharibədən əvvəlki səviyyəsinə çatdıra bilib. Biz bunun davam etməsini istəmirik”.
Onu da qeyd edək ki, Birləşmiş Ştatlar tərəfi, Ermənistan da daxil, bəzi ölkələrin Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsindən narahatlığını bu ilin yazından dilə gətirməyə başlayıb. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan öz bildiyini edir. Paşinyan Ukrayna müharibəsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığını desə də, əməldə vəziyyət tam başqadır.
“Proseslər belə davam edərsə, Qərbdən İrəvana təzyiqlərin edilməsi açıq müstəviyə keçəcək”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən siyasi ekspert Elşad Həsənov bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostudur. Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya qarşı çox böyük və əhatəli sanksiyalar qəbul olunub. Elektron avadanlıqların, o cümlədən çiplərin Rusiyaya ixracı qadağan olunub. Məhz həmin sanksiyalardan sonra Rusiyanın IT şirkətləri Ermənistana göçərək orada fəaliyyət göstərməyə başladılar. Məgər bütün bunlar təsadüf idi? Əsla yox. Məqsəd Ermənistanda fəaliyyət göstərməklə qadağan olunan elektron məhsulları əldə etmək idi. Necə olur ki, Ermənistan kimi zəif ölkənin Rusiya ilə ticarət dövriyyəsi bir il ərzində kəskin şəkildə artıb? Məlum məsələdir ki, bu, sanksiyadan yan keçməklə bir sıra məhsulların Ermənistan vasitəsilə Rusiyaya ixrac olunması nəticəsində mümkün olub. Bunu Qərbdə də yaxşı bilirlər. İlk dövrlərdə buna göz yumurdularsa, artıq ABŞ rəsmiləri dilə gələrək İrəvana xəbərdarlıq edirlər. Təsadüfi deyil ki, Ermənistan Rusiyaya tətbiq olunan sanksiyalardan yayınan ölkələrin başında gəlir. Rusiyaya bu məsələdən ən çox dəstək olan ölkə Belarusdursa, ondan sonra Ermənistan gəlir. Çünki Ermənistan Rusiyadan birbaşa asılıdır. Həm hərbi-siyasi baxımdan, həm də iqtisadi baxımdan Ermənistanın Rusiyadan asılılığı böyükdür. Ölkənin dəmiryol şəbəkəsinin, qaz təchizatı şirkətinin səhmləri Rusiyaya məxsusdur. Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur. Ona görə də Paşinyan özünü nə qədər Qərbpərəst kimi göstərsə də, Rusiyadan həm asılıdır, həm də bu ölkəyə bağlıdır. ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru Cim O'Braynın məlum açıqlaması Ermənistanın sanksiya məsələsində ifşa olunması deməkdir. Çünki bunu ABŞ-ın rəsmi şəxsi bəyan edir. Birləşmiş Ştatların Cənubi Qafqazda ən böyük səfirliyi Ermənistanda yerləşir. Səfirlikdə 2000 nəfərdən çox əməkdaş çalışır. Onlar bütün bu proseslərin fərqindədilər. Çox yaxşı bilirlər ki, Ermənistan qadağan olunmuş məhsulları Rusiyaya ötürür. Proseslər belə davam edərsə, Qərbdən İrəvana təzyiqlərin edilməsi açıq müstəviyə keçəcək”.
Vidadi ORDAHALLI