Tehran rejimi uzun illərdir ki, antitürk siyasətini davam etdirir və təxribatlar həyata keçirir. Mollaların əsas hədəflərindən biri odur ki, Azərbaycana və Türkiyəyə qarşı açdıqları informasiya savaşını daha da genişləndirsinlər.
Bildiyimiz kimi, çox uzun illərdir ki, fars şovinistləri öz ziyanlı və təxribatçı fikirlərini yaratdıqları Azərbaycan dilli siqmentlər vasitəsilə həyata keçirirlər. Saysız internet resursları, yutub kanalları, radio proqramları bu çirkin amala xidmət edir. Mollalar Azərbaycan türklərinin beynini zəhərləmək üçün hər cür informasiya təbliğatı aparırlar, təbii, bəzilərini torlarına sala da bilirlər. Reallıq belədir ki, bu gün antitürk təbliğatı aparan onlarla panfarsist kanal var ki, onların da yayımı dilimizdə aparılır... Tehran rejimi informasiya savaşında çox çirkin yollara əl atır. Təbii, Azərbaycanın informasiya kanalları da onların cavabını layiqincə verir. Azərbaycan dilində ziyanlı informasiya yaymaqla kifayətlənməyən molla rejimi indi də müasir Türkiyə türkcəsində verilişlər yaratmaq istəyir ki, qardaş ölkəyə də öz çirkab informasiyaları götürsünlər. Tehran rejimi bu vasitə ilə dezinformasiyalar yaymaq istəyir
Belə ki, Azad İran teleqram kanalının "Mehr nyus" a istinadən yaydığı məlumata görə, Qərbi Azərbaycan əyalətinin valisi türk dilində telekanalın açılmasını vacib hesab edir.
Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Sadiq Mötəmediyan rəhbərlik etdiyi əyalətdə türk dilində televiziya kanal yaradılması tələbi ilə çıxış edib: "Ölkəyə qarşı xaricdən 24 saat ərzində separatçı fikirləri təbliğ edən yüzlərlə media orqanı və televiziya kanallarının fəaliyət göstərdiyi bir vaxtda Qərbi Azərbaycanda xaricə yayım üçün İstanbul türkcəsində televiziya kanalının açılması vacibdir". Ekspertlərə görə, məqsəd öz dezinformasiyalarını türk əhali və xarici dinləyicilər arasında yaymaq, gerçəyi ört-basdır etməkdir.
"Bu adamın hədəfi, məqsədi molla rejiminin siyasətini, ideologiyasını Türkiyə cəmiyyətində yaymaqdır"
Mövzuya “Bakı-Xəbər” vasitəsilə şərh verən Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü, əslən Güney Azərbaycandan olan və hazırda Türkiyədə yaşayan Məcid Cavadi Araz bildirdi ki, kürd əsilli valinin bu istəyi heç də onun türk dilinə rəğbətindən irəli gəlmir.
" Əlbəttə, o adamın məqsədi heç də Qərbi Azərbaycanda türk dilini yaymaq, təbliğ etmək deyil. Zatən, valinin özü kürd əsillidir və əsas fəaliyyəti də terror örgütləri ilə bağlantı qurmaq və çalışmaqdır.
O, Qərbi Azərbaycana vali göndərilməzdən öncə Xorasan valisi idi. Bu valinin orada "Taliban" la güclü işbirliyi olub. "Taliban"la əlaqə qurmaq, onlarla işləri əlaqələndirmək məsələsində çox təcrübəli adamdır. O, Qərbi Azərbaycana ona görə göndərilib ki, PKK ilə olan irtibatları tənzimləsin. Çünki PKK ilə çox yaxın əlaqələri var. Dolayısı ilə bu adamın doğal olaraq türk dilini yaymaq kimi bir dərdi yoxdur
Zatən, qurmaq istədiyi televiziya da Qərbi Azərbaycanın içinə deyil, eşiyinə dezinformasiya, təxribatçı fikirlər yaymaq üçündür. Bu adam Türkiyəyə, Türkiyə vətəndaşlarına İran rejiminin siyasətini daha necə yaxşı yaymaq barədə düşünür. Yəni bu adamın hədəfi, məqsədi molla rejiminin siyasətini, ideologiyasını Türkiyə cəmiyyətində yaymaqdır. Yoxsa bu vali kimiləri əslində türk və Azərbaycan düşmənləridir"-deyə M.C.Araz vurğuladı.
Əli TURABOV