Ramil Məmmədli: “Parisin Ermənistanı silahlandırmaqda məqsədi müharibədən sonra yaranan güc nisbətini dəyişməkdir”

Məlumata görə, yaxın vaxtlarda Fransanın bilavasitə köməyi və rəsmi icazəsi ilə Hindistanın “Trayan” özüyeriyən artilleriya sistemlərinin Ermənistana çatdırılmasına başlanılacaq.
Söhbət “Nexter Systems” və yerli Hindistan tərəfdaş şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Sezar” özüyeriyən artilleriya sistemlərinin hind analoqundan gedir. Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Emmanuel Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana aparılması planlaşdırılır.
- “Makron hakimiyyəti buna getməklə təhlükəli oyun oynayır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Makron hakimiyyəti buna getməklə təhlükəli oyun oynayır: “Fransanın Ermənistanı silahlandırması barədə məlumatlar var idi, amma bu, ilk dövrlərdə ciddi qəbul olunmadı. Bu da onunla əsaslandırıldı ki, müasir Fransa silahlarını Ermənistan üzərindən Rusiya və İran ələ keçirə bilər. Daha sonra həmin silahların texnologiyasını öyrənə bilər. Ancaq son vaxtlar yayılan məlumatlar onu göstərir ki, Fransa həqiqətən də Ermənistanı ciddi şəkildə silahlandırmağı nəzərdən keçirir. Özü də bunu Hindistan vasitəsilə etməklə özünü sığortalamaq istəyir. Parisin Ermənistanı silahlandırmaqda məqsədi müharibədən sonra yaranan güc nisbətini dəyişməkdir. Makron hesab edir ki, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək. Nəticədə Rusiya Ermənistanı tərk etmək zorunda qalacaq və onun yerini Fransa dolduracaq. Avropa İttifaqı missiyasının Ermənistanda fəaliyyət göstərməsi, bizə hələlik tam məlum olmayan gizli pərdəarxası oyunlar buna hesablanıb. Məsələ ondadır ki, hazırkı Makron hökuməti indiki reallıqla barışmaq istəmir. Fransa 30 il başımızın altına yastıq qoyaraq mənasız danışıqlara dəstək verdi. Bir dəfə belə işğal olunmuş ərazilərimizlə bağlı Ermənistana təzyiq göstərmədi. Necə ki Azərbaycan ərazilərini işğaldan azad etdi, o dəqiqə Fransa əsl simasını açıq şəkildə ortaya qoydu. Aydın məsələdir ki, Ermənistanın Fransadan ağır silahlar almağa imkanı yoxdur. Ona görə də, deyilənlər öz təsdiqini taparsa, deməli Fransa öz vəsaiti hesabına Ermənistanı silahlandıracaq. Hindistandan İran üzərindən Fransa silahlarını daşımaq məsafə baxımından daha yaxın və uyğundur. Çünki Avropadan silah daşımaq həm uzaqdır, həm də Azərbaycana yaxın olan ölkələr buna imkan verməz. Bütün bunlara rəğmən, hesab edirəm ki, Fransa Azərbaycanın əleyhinə güc balansını dəyişə bilməyəcək. Çünki Azərbaycanın həm resursları böyükdür, həm də Türkiyə, İsrail, Böyük Britaniya və Pakistan kimi müttəfiqləri var”.
Vidadi ORDAHALLI