23/09/2023 05:29
728 x 90

Vaşinqtonda növbəti Bayramov-Mirzoyan görüşü fərqli nəticələr verə bilər...

Elşən Mustafayev: “Vaşinqtonda olacaq XİN rəhbərlərinin görüşü dövlət başçıları səviyyəsində olmadığından, hansısa sənədin qəbul edilməsi gözlənilmir”

img

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Mirzoyanın Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Bu barədə erməni mediası məlumat verib.

Ermənistan XİN-in sözçüsü Ani Badalyan jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu Azərbaycan tərəfinin xahişi ilə təxirə salınır.  Bildirilib ki, iclasın yeni tarixləri barədə ictimaiyyətə lazımi şəkildə məlumat veriləcək.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mediaya açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır:

"Görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur".

Vaşinqtonda baş tutacaq bu görüşlərdən hansı nəticələri çıxarmaq olar?

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar olub: “ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. Mayın 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş keçirilib. Regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş və digər humanitar məsələlər müzakirə olunub. 19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvətilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Görüşdən sonra Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər sülh sazişi üzrə işləri davam etdiriblər. XİN rəhbərləri fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir  mübadiləsi apardıqlarını bildiriblər. Növbəti Vaşinqton görüşü ərəfəsində təxribatlar intensivləşib. Ermənilər vəziyyəti gərginləşdirməyə çalışıb. 2023-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyinə dair bəyanatlar hələlik real bir müstəviyə keçməyib. Vaşinqton görüşü iyulun 21-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqlara sözün hər anlamında hazırlıq məqsədi daşıyır. Vaşinqtonda olacaq XİN rəhbərlərinin görüşü dövlət başçıları səviyyəsində olmadığından, hansısa sənədin qəbul edilməsi gözlənilmir. Amma sülhə gedən təşəbbüsü ələ almaq baxımından Qərbin, ABŞ-ın rolunun artacağı ehtimalı var. Qərbi maraqlandıran buradakı prosesləri Rusiyasız nizama salmaqdır. Brüssel, Kişinyov, ardınca olacaq Vaşinqton formatı, həmçinin avropalı rəsmilərin bölgəyə intensiv səfərləri də bu işin davamıdır. Bu ilin sonuna kimi sülh sazişinin imzalanması gözlənilir. Bu səbəbdən də, ABŞ və Qərb Rusiya ilə ciddi rəqabətə girişib ki, təşəbbüs onlarda olsun”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər