Bir neçə həftə əvvəlki statusumda yazmışdım ki, Nazarbayevi silirlər. Bu fikirlərimdə ona söykənmişdim ki, Nazarbayev haqqında Elbaşı qanununu ləğv etdilər, onun dövlət hesabına mühafizəsini maliyyələşdirməkdən imtina etdilər, evini, bağını, sürücülərini əlindən aldılar. Bir dostum mənə etiraz etmişdi ki, tez nəticə çıxarıram...
İndi isə dostuma deyirəm: mən tez, ya gec olmasından asılı olmayaraq, əsassız nəticə çıxarmıram...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Təzə məlumat var. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin şəxsi dəftərxanasını da dövlət maliyyələşdirilməsindən çıxarıblar. Qazaxıstanın maliyyə naziri məlumatı təsdiqləyib...
İndi isə deyirəm ki, Nazarbayevi sildilər...
Onun şəxsi mühafizəsini ləğv edəndə yazmışdım ki, faciə deyil, əgər o həqiqətən Elbaşı, yəni "xalqın başıdırsa", ona 2-3 qulağı əzilmiş idmançının şəxsində mühafizə nə lazım, yox əgər həqiqətən Elbaşı - Elin başı deyilsə, onu böyük ordular da qoruya bilməz.
İndi isə deyirəm ki, bir dövlət başçısı üçün xalqının həqiqi etimadını qazanmaqdan böyük hədəf gərək olmasın... Oldusa, son aqibət Nazarbayev kimi olur...
Ay gidi dünya... Bir günlərin qüdrətli imperialisti, hətta ABŞ-a Mərkəzi Asiya siyasətinin necə olmalı olduğu barədə dərs verən, ABŞ-da böyük təntənə ilə qarşılanan Nazarbayev nə günə qaldı?!..
Tokayev hakimiyyətə gələndə bir çoxları eyforiyaya qapıldı ki, Nazarbayev dahi imiş, özündən sonrakı hakimiyyəti elə müəyyən etdi ki, özü də tarixdə yaşayacaq. Mən o zaman da yazdım ki, hakimiyyətə gəlişi də, hakimiyyəti ötürməsi də öz xalqından xəbərsiz olduğu üçün Nazarbayevin taleyi çox qaranlıq olacaq... Çünki "Böyük dayaq"dakı Rüstəm kişi demiş,"dalını xalqa söykəmədi", əksinə, ən gənc yaşlarından öz xalqının hissiyatını manipulyasiya edə-edə özünə karyera qurmağın peşinə düşdü. Belə olmasaydı, bu gün onu silən hakimiyyətə qarşı qazax xalqının kükrəyən etirazlarını və məhəbbətini görərdik...
Maləsəf... Öz cəzandır, çək...
Tahir TAĞIYEV