Ermənistanda fəaliyyət göstərən Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Tiqran Lokmaqozyan bildirib ki, Ermənistanın maraqlarını təmsil edən ləyaqətli lider Ərdoğanın andiçmə mərasiminə getməməlidir:
“Türkiyə bizi alçaltmaqda davam edir, onların sözlərinə görə, bu iki il ərzində Ermənistanla münasibətlərin normallaşması barədə bir kəlmə də görməyəcəksiniz. Açıq deyirlər: get Azərbaycanla dil tap, sonra bizə gələcəksən. Bundan sonra da Türkiyə əlaqələr qurmağa söz vermir: onlar öz maraqlarını durmadan irəli aparırlar.
Otuz ildir ki, Türkiyə erməni liderlərini tələyə salmağa çalışır, keçmiş prezidentlərin məsələsində heç nə əldə olunmayıb və Paşinyanın tələyə düşmək problemi belə yoxdur. Axı o, hakimiyyətə məhz Türkiyənin göstərişi ilə gəlib. Paşinyan öz işini başa çatdırmaq istəyir, dəyişməz olaraq düşmənlərimizlə, yəni dostları ilə işləyir”.
Tiqran Lokmaqozyan vurğulayıb ki, İran və Rusiyadan etiraz olmasaydı, onun hesablamalarına görə, Türkiyə-Paşinyan proqramı bir il əvvəl həyata keçirilərdi.
Paşinyanın Türkiyədə inauqurasiyada iştirakının belə sərt tənqid olunması belə qənaətə gəlməyə əsas verirmi ki, erməni baş nazir Azərbaycanla sülh və Türkiyə ilə normallaşma məsələsində prinsipallıq nümayiş etdirməyə başlayıb?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bütün etirazlara bağmayaraq Ərdoğanın andıçmə mərasimində iştirak etməsi onun mövcud reallıqları hamıdan çox dərk edən siyasətçi olduğunu ortaya qoydu: “Türkiyənin Ermənistana münasibətdə tutduğu mövqe, təbiidir ki, erməniləri qane etmir. Hər dəfə bu münadibətlərin qurulması üçün Azərbaycanın tələblərinin yerinə yetirilməsinin vacibliyini qeyd etməklə, Türkiyə rəhbərliyi onların nəzərinə çatdırır ki, Azərbaycan rəsmi Ankara üçün fövqəladə əhəmiyyətə malik olan bir dövlətdir. Paşintan anlayır ki, Türkiyə ilə münasibətləri nizama salmadan, Azərbaycanla sülh sazişi imzalamadan normal dövlətə çevrilmək çox çətin olacaq və Ermənistan Rusiyanın forpostu olmaqda davam edəcək. Paşinyan həmçinin onu da görür ki, dünya güclərinin də mövqeyi Azərbaycana daha yaxındır. Azərbaycanın tələblərini qəbul etmədən sülh sazişini imzalamaq mümkün olmayacaq. Paşinyan ermənilərin meydanda köməksiz vəziyyətdə qaldığını hamıdan yaxşı görür. Fransa da ona real kömək etmək iqtidarında deyil. Təəssüf ki, bu həqiqəti Ermənistandakı və Qarabağdakı bəzi ermənilər dərk etmək istəmir. Güman edirlər ki, Paşinyan olmasa, onların vəziyyəti yaxşı olacaq. Anlamırlar ki, Paşinyanın getməsi yalnız sülh danışıqlarını ləngidı biləcək. Nə Ermənistan , nə də ermənilər bu ləngimədən heç nə qazanmayacaq. Dünyada baş verən geopolitik dəyişikliklər Azərbaycan və Ermənistanın mövqeyini həddən artıq gücləndirib. Bunu Paşinyan dərk etsə də, ermənilər bu reallığı dərk edə bilmirlər. Türkiyədə keçirilən andiçmə mərasiminə qatılmaqla Paşinyan bir daha göstərdi ki, Türkiyəyə yaxınlaşmaq üçün hər şey etməyə hazırdır. Hətta həmin mərasimdə bir qədər arxa planda qalsa da, unudulsa da, Türkiyə prüzidenti qonaqları salamlayarkən onun adını çəkməsə də, Paşinyan yenə də başqa bir yolun olmadığını dərk edir. Çox güman ki, bundan sonra da Paşinyana təzyiqlər davam edəcək. Hətta onu hakimiyyətdən də salmağa çalışacaqlar. Rusiya da bu məsələdə artıq Paşinyanın ciddi əleyhdarına çevrilib. Sonuncu dəfə Paşinyanın “Ukrayna müharibəsində biz Rusiyanın müttəfiqi deyilik” deməsinə Peskovun örtülü hədə-qorxu ilə cavab verməsi göstərir ki, Rusiya Paşinyanın üzərindən xətt çəkib. Qərb isə onu müdafiə edir və bütün imkanlarından istifadə edəcək ki, Paşinyan hakimiyyətdə qalsın, sülh saziçini imzalasın və onu reallaşdırmaq üçün zəruri addımlar atsın”.
Məhəmmədəli QƏRİBLİ