Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib ki, Kişinyov sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin nəhayət həll olunduğunu deyə bilmərik, lakin biz irəliləyirik:
“Bütün suallar vacibdir və bütün suallar bir-birinə bağlıdır. Danışıqlar çox intensiv gedir və bu proses davam etsə, ilin sonuna qədər Azərbaycanla sülh sazişinin əldə olunması şansı var. Bizim münasibətimiz ondan ibarətdir ki, biz həll yolları tapırıq və bu həllər çərçivəsində sülh gündəmi ilə irəliləyirik və sülh müqaviləsi bağlayırıq”. O əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək.
Hər halda, bu məsələdə yardıma ehtiyac yoxdur, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, müqavilə imzalana bilərmi?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan TŞ sədrinin bəyanatında səsləndiriyi fikirlər əslində son aylar Azərbaycan-Ermənistan sülh gündəliyi çərçivısində müşahidə edilən aktivliklə izah oluna bilər: “Bildiyimiz kimi, Vaşinqton, Brüssel, Moskva və Kişinyov görüşlərində tərəflərin mövqelərində, xüsusilə də Ermənistanın mövqeyində pozitivlik müşahidə olunur. Ən əsası isə, Moskva görüşündən sonra Ermənistanın tərəddudlü bəyanat verməməsini xüsusi olaraq vurğulamaq lazımdır. Buna əlavə olaraq ötən günlərdə Moskvada üç ölkənin Baş nazir müavinləri səviyyəsində keçirilən görüşdə Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasında dəmiryol xəttinin bərpası və işə düşməsi haqqında razılıq da əldə edilib. Yaxın günlərdə isə hər iki ölkənin XİN rəhbərləri Vaşinqtonda bir araya gələcəklər. Bu intensivlik iyulun 21-də Brüssel görüşündə tərəflərin ilkin saziş variantını təsdiq edəcəkləri ehtimalını ortaya qoyur. Oktyabrda isə İspaniyada Avropa Siyasi Sazişinin III Zirvə görüşündə sülh sazişinin imzalanmasını böyük ehtimalla proqnozlaşdırmaq olar. Qriqoryanın öz bəyanatında ilin axırına işarə etməsi də bununla izah oluna bilər. Lakin bunlarla yanaşı, Ermənistan hələ ki, 10 noyabr bəyanatı üzrə də öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Sərhədlırin delimitasiyası başlamalı, anklavlar qaytarılmalı və bölgədəki qanunsuz erməni silahlıları çıxarılmalıdır. Məhz bu addımlar bölgədə nəzərdə tutulan dayanıqlı sülhü təmin edə bilər. Ermənistan siyasi hakimiyyətinin müxtəlif ranqlı şəxslərinin verdiyi bəyanatlar yox, real olaraq həyata keçirdikləri addımlar və verilən öhdəliklərə olan sadiqlik əsas götürülməlidir”.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib ki, yaxın gələcəkdə, yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər:
“İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”.
Məhəmmədəli QƏRİBLİ