
Əslində belə də gözlənilirdi. Ötən il oktyabrın 6-da Praqada Makronun da qatıldığı dördtərəfli görüşdən sonra Fransa prezidentinin aşırı dərəcədə erməniyönümlü bəyanatları Azərbaycanda haqlı rəsmi etiraz doğurdu və Azərbaycan Bakı-İrəvan təmaslarında Parisin vasitəçiliyinin daha mümkünsüz olduğu qənaətinə gəldi. Dekabrda Paşinyan Makronun da görüşdə iştirakını şərt kimi irəli sürəndə isə Azərbaycan Makronun qatıldığı bütün görüşlərdən imtina etdi. Düzgün qərar idi...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
1 iyun 2023-cü il tarixdə Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü az sonra Makronun və Şoltsun da qatılması ilə qeyri-rəsmi beştərəfli formatda davam etdirildi. Görünür ki, Makron qeyri-rəsmi beştərəfli görüşə özünün də buraxılmasını hər şeyin artıq keçmişdə qalması kimi yanlış başa düşdü. Belə olmasaydı , Kişinyov görüşü barədə Mişelin mətbuata açıqlamasından sonra Makron sözün həqiqi mənasında öz "mutilşikliyini" yenidən işə salmazdı… "İnterfaks" maraqlı məlumat yayıb. Məlumata görə, Yelisey sarayının rəsmi saytı Kişinyov görüşü barədə Makronun qeyri- dəqiq və təmayüllü bəyanatını yayıb. Makron bəyanatında bildirib ki, Kişinyovda tərəflərə hərbi əsirlərin tezliklə azad edilməsi barədə çağırış edildi, habelə Qarabağda yaşayan ermənilərin hüquq və təminatlarının müəyyən edilməsinin vacibliyi qeyd olundu... Baxırsınızmı, "mutilşikliyin" dərəcəsinə?.. Görüş barədə mətbuata açıqlamanı razılaşmaya görə Şarl Mişel etdi və Mişel Makronun dediklərinə bənzər heç nə demədi. Makronun isə dedikləri tamamilə təxribatdır. Məgər Azərbaycanda hərbi əsir var ki, Azərbaycana onların azad edilməsi barədə çağırış edilsin? Məgər Qarabağ ermənilərinin hüquq və təminatları barədə müəyyən edilməmiş nəsə qalıb ki?! Bu məsələ Azərbaycanın daxili işi deyil ki?! Həm də Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələnin beynəlxalq formatlarda müdafiə cəhdlərinin Azərbaycan üçün "qırmızı xətt" olduğunu Makron bilmir?!...
Tahir TAĞIYEV