Moldovada Avropa Siyasi Birliyinin İkinci Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli qeyri-rəsmi görüşü keçirilib.
Sonra isə Prezident İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi beştərəfli görüş olub.
Beştərəfli görüşünün yekunları ilə bağlı jurnalistlərə açıqlama verən Şarl Mişel deyib ki, iİyulun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli görüş keçiriləcək.
“Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz bütün mövzulara toxunmaq imkanımız oldu. Biz münasibətlər, sərhədlərin delimitasiyası, sülh müqaviləsi məsələlərini müzakirə etdik. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu. Bu o deməkdir ki, biz çox çalışırıq və münasibətlərin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik.
Mən həm də Prezident İlham Əliyevi, Baş nazir Nikol Paşinyanı, Kansler Şoltsu və Prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammiti çərçivəsində görüşə dəvət etmək niyyətimi bildirdim. Bir sözlə, biz münasibətlərin normallaşması istiqamətində daha çox irəliləyişə nail olmaq üçün Aİ olaraq hər şeyi edəcəyik”, - deyə Şarl Mişel əlavə edib.
Bundan az sonra xarici işlər nazirlərinin Vaşinqtonda görüşü də razılaşdırılıb.
Tahir TAĞIYEV